AZ

ASCO-nun sifarişi ilə inşa edilən 3-cü "RoPax" gəmisi üzrə işlər son mərhələdədir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yerləşdirdiyi sifariş əsasında Bakı Gəmiqayırma Zavodunda inşa edilən üçüncü "RoPax" tipli gəmi-bərə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir.

Aznews.az xəbər verir ki, layihə çərçivəsində gəminin əsas gövdəsi üzrə blokların yığılması işləri tamamlanıb. Hazırda boru xətləri quraşdırılır, elektrik sistemləri üzrə kabellər çəkilir. Eyni zamanda, havalandırma sistemlərinin montajı, mexaniki avadanlıqların quraşdırılması, yaşayış sahələrində izolyasiya, kabinlərin ayrılması kimi proseslər icra olunur.

Layihədə əvvəlki analoji "RoPax" gəmiləri ilə müqayisədə bir sıra yeniliklər nəzərdə tutulub. Bunlara təsərrüfat təyinatlı üç tonluq bir ədəd kranın quraşdırılması, sıxılmış hava sistemi üçün əlavə saxlanc çənlərinin yerləşdirilməsi, soyuducu konteynerlər üçün elektrik qidalanma sisteminin yaradılması daxildir.

Bundan başqa, yeni gəmidə alt yük bölməsi üzrə təhlükəli qaz aşkarlama sistemi və köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə bir ədəd yanğınsöndürmə tuşlayıcısı quraşdırılacaq. Eyni zamanda, bərədə dəmiryolu xətlərinin avtomatik keçirilmə sisteminin tətbiqi, yük platforması üzərində tormozlama sisteminin qurulması da nəzərdə tutulub. Baş mühərrik otağında isə əlavə soyutma sistemi, iki ədəd servis qapağı və iki ədəd xidməti kran quraşdırılacaq.

Bununla yanaşı, layihədə bəzi texniki həllər əvvəlki gəmilərlə müqayisədə optimallaşdırılıb. Belə ki, sərnişin liftinin quraşdırılmasından imtina edilib. Arxa köməkçi sükan qurğusu isə ləğv olunaraq, əvəzində ön köməkçi sükan qurğusunun gücü 350 kVt-dan 545 kVt-a çatdırılıb.

Seçilən
71
6
aznews.az

8Mənbələr