AZ

Xəzinə dolu dünya - FOTOREPORTAJ

Bakı, 9 yanvar, AZƏRTAC

Milli mətbuatımızın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi deyirdi: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Məşhur rus yazıçısı və filosofu Aleksandr Gertsen isə kitaba belə dəyər verirdi: “Kitab bir nəslin digər nəslə vəsiyyətidir”. Bu fikirlər isə fransız filosofu və riyaziyyatçısı Rene Dekarta məxsusdur: “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir”.

Hər bir xalqın mədəni inkişaf səviyyəsi onun kitaba, biliyə və mənəvi irsə verdiyi dəyər ilə ölçülür. Xalqımızın bu sahədə ən mötəbər ocaqlarından biri olan Azərbaycan Milli Kitabxanası təkcə kitabların saxlanıldığı məkan deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, elmi və mədəni irsini yaşadan müqəddəs mərkəzdir.

Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılsa da, onun rəsmi açılışı 1923-cü ilin mayında olub. Yaşı 100-ü keçən Milli Kitabxana fəaliyyətə cəmi 5 min 212 nüsxə kitab və 13 işçi ilə başlayıb. Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yaşadığımız Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. Hazırda Milli Kitabxananın fondunda 5 milyona yaxın kitab var.

Kitabxananı milli yaddaşın məbədi hesab edənlər doğrudan da haqlıdırlar. Bu müqəddəs məkan keçmişlə gələcək arasında möhkəm körpü rolunu oynayaraq milli-mənəvi dəyərləri qoruyur və inkişaf etdirir. Burada milyonlarla kitab, qəzet, jurnal, nadir əlyazmalar və elektron resurslar qorunur. Azərbaycan dilində olan nəşrlərlə yanaşı, müxtəlif xarici dillərdə olan əsərlər də oxucuların ixtiyarına verilməsi kitabxananı təkcə milli deyil, beynəlxalq əhəmiyyətli elm və informasiya mərkəzinə çevirir. Dünyanın istənilən nöqtəsindən internet vasitəsilə kitabxananın kataloqu vasitəsilə lazım olan məlumatı əldə etmək olar. Müasir dövrdə Milli Kitabxana texnoloji yeniliklərə də açıqdır. Elektron kataloqlar, rəqəmsal kitabxana xidmətləri və onlayn resurslar oxucuların məlumatlara daha sürətli və rahat şəkildə çıxışını təmin edir.

Böyük Nizami Gəncəvi “Oxudum, oxudum, sonra da vardım, hər gizli xəzinədən bir dürr çıxardım”,- deyirdi. Milli Kitabxanada elmin bütün sahələrinə aid çoxlu kitablar var. Dürr dolu xəzinəyə üz tutan hər kəs burada istədiyi kitabı tapa bilir. Ona görə də hər gün kitabxanaya üz tutan çoxsaylı oxucular istədikləri mənbə və məxəzləri burada tapa bilir, onun sakit divarları arasında əyləşərək nəhəng bir xəzinədən bilik payı götürürlər. Mövcudluğunun ikinci yüzilliyini xırdalayan xəzinə ona üz tutan oxuculara çox belə pay verəcək…

Seçilən
76
azertag.az

1Mənbələr