Bakı, 9 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə yeni mərhələdə qarşıya qoyulan strateji hədəflərin aydın Yol xəritəsidir. Bu müsahibə ötən ilin icmalı olmaqdan daha çox, müasir dünyanın qeyri-müəyyənlikləri fonunda qalib və hədəflərini dəqiq bilən dövlətin siyasi baxışlarının sistemli təqdimatı kimi dəyərləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı səsləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri dövlət idarəçiliyində etimad və məsuliyyət balansının xüsusilə ön plana çəkilməsidir. Dövlətimizin başçısı açıq şəkildə göstərdi ki, formalaşdırılan güclü siyasi və iqtisadi baza yalnız mərkəzi iradə ilə deyil, eyni zamanda bu iradəni icra edən məmurların vicdanlı fəaliyyəti ilə mənasını tapır. Prezidentin mesajı aydındır: “Göstərilən yüksək etimad real nəticələrlə doğruldulmalıdır”.
Fərid Şahbazlı qeyd edib ki, Prezidentin iqtisadi suverenlik, maliyyə təhlükəsizliyi və qlobal proseslərə yanaşması Azərbaycanın regional çərçivəni aşaraq beynəlxalq gündəliyin formalaşmasında təsir imkanlarına malik olduğunu göstərir. Dövlətimizin başçısının ABŞ-da yeni administrasiya və digər güc mərkəzləri ilə münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycanın bərabərhüquqlu tərəfdaş mövqeyində olduğunun təsdiqidir.
Prezident İlham Əliyevin ordu quruculuğu və təhlükəsizliklə bağlı fikirləri isə yalnız real hərbi gücümüzün ifadəsi deyil, eyni zamanda uzunmüddətli sülh strategiyasının tərkib hissəsidir. Yerli müdafiə sənayesinin inkişafı, Komando birliklərinin genişləndirilməsi və “Biz hər şeyə hazırıq” mesajı regionda sabitliyin əsas təminatçısının Azərbaycan olduğunu açıq şəkildə ortaya qoyur.
F.Şahbazlının sözlərinə görə, Prezidentin Zəngəzur dəhlizi, Orta Dəhliz və Qarabağın bərpasına yanaşması Azərbaycanın təkcə bugünü deyil, onillikləri əhatə edən inkişaf konsepsiyasını əks etdirir. Təhsil, sosial ədalət, vətəndaş rifahı, milli-mənəvi dəyərlər və Azərbaycan dilinin qorunması məsələlərinə verilən xüsusi önəm isə dövlətlə cəmiyyət arasında möhkəm mənəvi bağların mövcudluğunu göstərir.
Siyasi şərhçi sonda əlavə edib ki, Azərbaycanın idarəçilik modeli möhkəm siyasi iradə və dəqiq strateji hesablamalar üzərində qurulub. Prezident İlham Əliyevin mövqeləri dövlət strukturlarının fəaliyyətinə istiqamət verən əsas prinsipləri müəyyənləşdirməklə yanaşı, cəmiyyət üçün də məsuliyyət və iştirakçılıq çağırışı mahiyyəti daşıyır.