Prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsindəki xüsusi ittiham qaydasında qərardan kassasiya şikayəti verilib.
"Bakuinfo" xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı Toliki xüsusi ittiham qaydasında məhkəməyə verib. Şikayət Nərimanov Rayon Məhkəməsində araşdırılıb və müəyyən edilib ki, Tarix Əliyev paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmayıb. Həmçinin onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina olunub. Daha sonra həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. (Pravda.az)