AZ

Enerji layihələri Azərbaycanın qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla, ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 meqavat olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O vurğulayıb ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malik ölkədir. Tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycanla həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. 2030-cu ilədək respublikamızın “yaşıl artım” ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilən ərazilərdə açılışı nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş il ərzində yaşıl enerji zonası elan edilən Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağda və Şərqi Zəngəzurda 10 giqavat, Naxçıvanda isə 5 giqavat həcmində qiymətləndirilir

“Azərbaycanın bu gün böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Lider Heydər Əliyev bildirib ki, ölkəmizin qapısı buraya xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Azərbaycana böyük uğurlar qazandıran bu siyasət uğurla davam etdirilir. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirilib, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək”, - deyə deputat əlavə edib.

Seçilən
74
8
azertag.az

9Mənbələr