AZ

İsveçdə sığınacaq istəyənlərin sayında kəskin azalma qeydə alınıb

Stokholm, 9 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə sığınacaq üçün müraciət edən şəxslərin sayının azalması davam edir.

AZƏRTAC xəbər verir ki, 2025-ci ildə müraciətlərin sayı əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb və 6 735 nəfər təşkil edib. Bu göstərici həm əvvəlki illərin rəqəmlərindən, həm də 2016–2022-ci illər üzrə orta səviyyədən xeyli aşağıdır. Həmin dövrdə hər il 20 mindən çox müraciət qeydə alınırdı.

Hakimiyyət orqanları bildirirlər ki, sığınacaq verilməsi ilə bağlı miqrasiya son 40 il ərzində ən aşağı səviyyədədir və azalma davam edir. Eyni zamanda, vətənə qayıdanların — həm könüllü, həm də məcburi qaydada geri göndərilənlərin sayı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə ölkəni 8 312 nəfər tərk edib ki, bu da hazırkı hökumətin 2022-ci ildə hakimiyyətə gəldiyi dövrlə müqayisədə 60 faiz çoxdur.

2025-ci ildə verilmiş ümumi yaşayış icazələrinin (79 684) yalnız 6 faizi sığınacaqla bağlı olub, halbuki 2018-ci ildə bu göstərici 31 faiz təşkil edirdi. Həmçinin cinayət törətməsinə görə məhkum olunmuş şəxslərin deportasiyalarının sayı da artıb.

Ümumavropa miqyasında qaçqınların kütləvi axını üçün nəzərdə tutulan mexanizm çərçivəsində müvəqqəti oturum icazəsi almış Ukrayna vətəndaşları bu statistikaya daxil edilmir.

Seçilən
93
2
azertag.az

3Mənbələr