AZ

Kənd toyuğu görünüşündə saxtakarlıq:Ekspert istehlakçılara xəbərdarlıq ETDİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xırdalan şəhərində sintetik maddə ilə rənglənən toyuqların satışının qarşısı alınıb. Bildirilib ki, laborator sınaq zamanı “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyandığı aşkarlanıb.

Təbii qidalara ehtiyacın artdığı bu dövrdə istehlakçılar həqiqi kənd toyuğunu saxtalaşdırılmış məhsuldan necə fərqləndirə bilərlər?

Redaktor.az-a danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, istehlakçılar həqiqi kənd toyuğunu saxtalaşdırılmış məhsuldan fərqləndirmək üçün bir neçə göstəriciyə diqqət etməlidirlər:

"Həqiqi kənd toyuğunun dərisi və əti açıq, bərabər olmayan sarımtıl-çəhrayı çalarlarda olur. Sintetik boya ilə rənglənmiş toyuqlarda isə rəng həddindən artıq parlaq, tünd sarı və süni görünür, xüsusilə dəri üzərində qeyri-təbii tonlar müşahidə olunur. Kənd toyuğunun qoxusu neytral və təbii olur, bişirildikdə isə dadı daha sərt və aromatik hiss edilir. Boyanmış və fabrik mənşəli toyuqlar isə tez bişir və dadı nisbətən zəif olur. Kənd toyuğunun əti daha bərk və liflidir, sümükləri qalın olur. Fabrik toyuqları isə daha yumşaq və sulu quruluşa malikdir".

Ekspert

Ekspertin sözlərinə görə, həqiqi kənd toyuğu adətən daha bahalı olur və əsasən tanınmış, etibarlı təsərrüfatlardan əldə edilir:

"Həddindən artıq ucuz “kənd toyuğu” təklifi şübhə doğurmalıdır. Rəsmi satış nöqtələrində məhsulun mənşəyi barədə məlumat və baytarlıq sənədlərinin olub-olmamasına diqqət etmək vacibdir. İstehlakçılar yalnız görünüşə aldanmamalı, rəng, quruluş, dad, qiymət və satış mənbəyini birlikdə qiymətləndirməlidirlər. Şübhəli hallarla qarşılaşdıqda isə mütləq AQTA-ya məlumat verilməlidir".

Xədicə BAXIŞLI

Seçilən
93
1
redaktor.az

2Mənbələr