AZ

“Motorola”dan futuristik yenilik

“Motorola” şirkəti “CES 2026” sərgisində diqqətçəkən konsept cihazını ictimaiyyətə nümayiş etdirib. Boyunbağı formasında hazırlanan bu innovativ qurğu “Qira” adlı süni intellekt köməkçisi ilə işləyir. Ekransız və fiziki idarəetmə düymələri olmayan bu ağıllı aksesuar smartfonla sinxron şəkildə fəaliyyət göstərir. Cihaz ətraf mühiti tanıya, obyektləri ayırd edə, məlumatları analiz edib qısa icmal şəklində təqdim edə və istifadəçi əmrlərini icra edə bilir.

Mirvarini xatırladan işıqlı dizayna malik cihaz qabaqcıl sensorlar və bulud texnologiyası üzərindən çalışan süni intellekt modelləri sayəsində ətrafda baş verənləri “görə” və dərk edə bilir. “Qira” köməkçisi çap materiallarındakı mətnləri oxuyub şərh edir, həmçinin istiqamət tapmaq üçün avtomatik şəkildə “Google Maps” üzərindən naviqasiya funksiyasını işə salır.

Motorola hazırda bu ağıllı boyun aksesuarının texniki göstəriciləri və satış qiyməti ilə bağlı detalları açıqlamayıb. Şirkət məhsulu hələlik eksperimental texnologiya kimi təqdim edir. İstehsalçının əsas məqsədi real istifadə ssenarilərində süni intellektlə təchiz olunmuş bu cihazın insanlar tərəfindən necə qəbul edildiyini müşahidə etmək və istifadəçi rəyləri toplamaqdır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
65
azerbaijan-news.az

1Mənbələr