AZ

Bu ərazilərdə yaşayanların binaları SÖKÜLÜR: Sakinlərin hüquqları necə qorunacaq?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Azərbaycanda, xüsusilə də Bakı kimi böyük şəhərlərdə yaşayış fondunun çox böyük bir hissəsi artıq istismar müddətini başa vurub. Təxmini hesablamalara görə bu, təxminən 16 min binanı əhatə edir. Xüsusilə 1970-ci ilə qədər inşa edilmiş binaların əksəriyyəti bu gün köhnəlmiş və istismar üçün yararsız vəziyyətdədir".Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. O, bildirib ki, bu istiqamətdə müxtəlif dövrlərdə müəyyən addımlar atılıb:"Məsələn, Nazirlər Kabinetinin 86 saylı qərarı əsasında 2016–2018-ci illərdə Bakı şəhərinin bir çox ərazilərində pilot layihələr həyata keçirilib. Bu dövrdə 100-dən çox tikinti şirkəti müxtəlif ərazilərdə köhnə binaların sökülməsi və yenilərinin tikintisi ilə bağlı layihələr icra edib. Lakin 2020-ci ildən sonra bu proses kəskin şəkildə zəifləyib və çox az sayda bina yenilənib".Ekspert bildirib ki, 2024-cü ilin əvvəlində Bakı şəhərinin yeni Baş Planı ictimaiyyətə təqdim olunduqdan sonra isə yenidən köhnəlmiş yaşayış fondunun sökülməsi və yenilənməsi prosesi başlayıb:"Xüsusilə Sovetski və onun ətrafındakı mərkəzi ərazilərdə bu istiqamətdə hazırlıq işləri aparılır.

Kompensasiya mexanizmlərinə gəlincə, Azərbaycan Respublikasının “Qiymətləndirmə haqqında” qanunvericiliyinə uyğun olaraq dövlət layihələri çərçivəsində vətəndaşlara kompensasiya ödənilir. Pilot layihələr zamanı Nazirlər Kabinetinin qərarı ilə sakinlərə adətən 15–20 faiz əlavə yaşayış sahəsi verilməklə kompensasiya edilirdi".Onun sözlərinə görə, 86 saylı qərardan sonra bir çox layihələr artıq özəl şirkətlər tərəfindən həyata keçirilib və bu zaman dövlət dəstəyi faktiki olaraq olmayıb:"Bu isə tikinti şirkətləri ilə vətəndaşlar arasında problemlərin artmasına səbəb olub. Əvvəllər bu prosesə icra hakimiyyətləri nəzarət edirdi və vətəndaşlara müəyyən hüquqi dəstək göstərilirdi. Dövlətin iştirakı olduğu vaxtlarda bu mexanizm nisbətən daha ədalətli işləyirdi. 86 saylı qərar Bakı şəhərinin simasının dəyişməsində mühüm rol oynayıb. 2004–2009-cu illərdə, eləcə də 2016–2019-cu illərdə Bakı şəhərində hər il onlarla yeni yaşayış layihəsi həyata keçirilib, şəhərin görünüşü və daşınmaz əmlak bazarı ciddi şəkildə dəyişib".Ekspert bildirib ki, bu qərar ləğv edildikdən sonra səlahiyyətlər əsasən Şəhərsalma və Arxitektura Komitəsinə keçib və proses daha çox tikinti şirkətlərinin ixtiyarına buraxılıb:"Dövlət nəzarətinin zəifləməsi isə bir sıra hallarda vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarıb. Son bir ildə mediada dəfələrlə sakinlərin razılığı olmadan evlərinin sökülməsi, kommunikasiyaların kəsilməsi, insanların məcburi köçürülməsi ilə bağlı hallar yer alıb. Bu cür hallar vətəndaşların konstitusion hüquqlarının pozulması deməkdir. Problem həm də ondadır ki, bəzi vətəndaşların mülkiyyətlərini təsdiq edən sənədləri yoxdur, lakin həmin ünvanlarda qeydiyyatda olublar. Qeydiyyat faktiki olaraq onların orada yaşadığını və müəyyən hüquqlarının olduğunu göstərir. Buna baxmayaraq, bəzi tikinti şirkətləri bundan sui-istifadə edərək vətəndaşların hüquqlarını pozmağa çalışır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
demokrat.az

1Mənbələr