Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə, xüsusilə iqtisadi sahədə müsbət irəliləyişlər müşahidə olunur. Bu addımlar sırasında Azərbaycandan Ermənistana neft məhsullarının artıq ikinci partiyasının göndərilməsi də yer alır. İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və möhkəmlənməsi sülh prosesinin daha da sürətlənməsinə töhfə verə bilər? İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında yolların açılması və iqtisadi münasibətlərin formalaşması sülhü daha da yaxınlaşdırır, eyni zamanda Azərbaycan tərəfinin bu prosesdə nə qədər ciddi və ardıcıl olduğunu göstərir: “Bu addımlar Ermənistanda da müsbət mənada ciddi əks-səda doğurub. Hərçənd buna qarşı çıxan kiçik qruplar olub, lakin cəmiyyətdən onlara qarşı güclü təpkilər gəlib. Bu isə Ermənistanda ictimai rəyin dəyişməsində mühüm rol oynayır. Azərbaycan bu addımları atmaqla həm sülh prosesinə sadiqliyini, həm də prosesdə aparıcı rolunu nümayiş etdirir. Bununla yanaşı, iqtisadi maraqlarını da təmin edir. Əgər əlavə, hətta kiçik də olsa, yeni bazar əldə olunursa, ondan istifadə etməmək üçün heç bir əsas yoxdur”. Sevinc İbrahimzadə / Metbuat.az