AZ

“İnterspunik”in baş direktoru: Azərbaycan Cənubi Qafqazda kosmik texnologiyaların inkişaf nöqtəsidir - MÜSAHİBƏ

Bakı, 9 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

“İnterspunik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı kosmik rabitə sistemlərinin koordinasiyası və istifadəsi ilə məşğul olan dövlətlərarası təşkilatdır. Təşkilat dünyanın müxtəlif regionlarından olan üzv dövlətləri birləşdirir. Azərbaycan 2004-cü ildən “İnterspunik” Beynəlxalq Kosmik Rabitə Təşkilatına üzv olub ki, bu da ölkənin qlobal kosmik rabitə layihələrində iştirakını və həmin təşkilat çərçivəsində “Azərkosmos” agentliyi ilə əməkdaşlığını təsdiqləyir. Azərbaycan iştirakçı ölkə kimi təşkilatın imkanlarından telekommunikasiya və peyk xidmətlərinin inkişafı üçün istifadə edir, bununla da “Azərkosmos”la tərəfdaşlığın əhəmiyyətini vurğulayır. Təşkilat, həmçinin 2023-cü il oktyabrın 2–6-da Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunub.

AZƏRTAC-a eksklüziv müsahibəsində “İnterspunik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının baş direktoru Kseniya Drozdova Azərbaycanın kosmik sənayenin inkişafındakı rolu, beynəlxalq tərəfdaşlıqlar, peyk texnologiyalarının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti, həmçinin “İnterspunik”lə əməkdaşlıq perspektivləri və kosmik texnologiyaların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfələr barədə danışıb.

— Azərbaycan kosmik sənayenin inkişafında regional və beynəlxalq səviyyədə hansı rolu oynayır və bu, Cənubi Qafqazda əməkdaşlığa necə təsir göstərir?

— Hesab edirəm ki, “Azərkosmos” şirkətinin son 10 ildə keçdiyi yol uğurludur və milli layihənin regional liderliyə transformasiyasının əyani nümunəsidir. Peyk rabitəsi sahəsində milli layihələr, bir qayda olaraq, daxili bazara yönəlir və ölkə daxilində rəqəmsal uçurumun aradan qaldırılması məqsədilə dövlət üçün infrastruktur aktivi rolunu oynayır. Regionda bu cür uğurlu nümunələr çox deyil və Azərbaycan onlardan biridir. Lakin “Azərkosmos”un nümunəsinin unikallığı şirkətin xarici bazarlarda, xüsusən Cənubi Qafqazda, Xəzər regionunda, Mərkəzi Asiyada, eləcə də Yaxın Şərq və Saxaradan cənubdakı Afrika ölkələri daxil olmaqla daha geniş coğrafiyada misilsiz uğur qazanmasındadır.

Bundan əlavə, qeyd etmək vacibdir ki, ilkin olaraq peyk rabitəsi operatoru kimi yaradılmış “Azərkosmos” kosmik xidmətlər portfelini ardıcıl şəkildə şaxələndirərək Yer müşahidəsi və məsafədən zondlama istiqamətlərini inkişaf etdirir.

— Sizin fikrinizcə, “Azərkosmos” şirkəti üçün beynəlxalq kosmik agentliklər və kommersiya strukturları ilə əməkdaşlıq baxımından ən böyük perspektivlər hansı sahələrdə mövcuddur?

— Peyk bazarının mövcud vəziyyətini qiymətləndirərkən qeyd etmək olar ki, iri qlobal kommersiya oyunçuları sənayedə, o cümlədən regional bazarlarda üstün mövqeyə çıxmağa başlayırlar. Bu, həm geostasionar (GEO), həm də qeyri-geostasionar (non-GEO) seqmentlər üçün keçərlidir. Bu şəraitdə regionun milli oyunçuları arasında əməkdaşlıq, habelə beynəlxalq hökumətlərarası təşkilatlarla tərəfdaşlıq balansın qorunması və milli və regional operatorların maraqlarının müdafiəsinin təmin edilməsi baxımından kritik əhəmiyyət daşıyır.

— Peyk rabitəsinin, Yerin müşahidəsinin və monitorinqinin Azərbaycan üçün iqtisadi və strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?

— Azərbaycan Qafqaz dağlarında və Xəzər dənizi yaxınlığında yerləşir. Ölkənin həm dəniz, həm də quru aktivləri kənd təsərrüfatı və balıqçılıq sənayesinin inkişafı üçün unikal şərait yaradır ki, bu da Azərbaycanı regionun əsas ixracatçılarından birinə çevirir. Müasir dəqiq əkinçilik, “ağıllı kənd təsərrüfatı” və məhsul proqnozlaşdırılması analitikası peyk texnologiyalarından istifadə olmadan mümkün deyil.

Bundan əlavə, peyklər ölkənin sənaye və şəhər inkişafında mühüm rol oynayaraq Azərbaycanın regionun ən dinamik inkişaf edən dövlətlərindən biri olmasına töhfə verir. Peyk rabitəsi ölkə ərazisinin demək olar ki, bütün hissəsində kommunikasiya imkanlarını təmin edir, həm biznes, həm də əhali üçün rəqəmsal inklüzivlik səviyyəsini yüksəldir. Prinsipial əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, bütün bu xidmətlər Azərbaycanın öz peyk aktivləri və infrastrukturu əsasında göstərilir. Bu isə peyk texnologiyaları və xidmətləri sahəsində səriştə mərkəzinin formalaşmasına, eyni zamanda milli kosmik sənaye üçün kadr hazırlığının dayanıqlı mənbəyinə çevrilir. “Azərkosmos” bu imkandan uğurla istifadə edərək öz bazasında Kosmik Akademiya yaradıb.

— Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsindən sonra kosmik texnologiyaların iqlim monitorinqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında potensialını necə qiymətləndirirsiniz?

— Peyk texnologiyaları rabitənin və infrastrukturun inkişafını təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına mühüm töhfə verə bilər. Ən əhəmiyyətli töhfə aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

-DİM 2 – Aclığın aradan qaldırılması: peyklər dəqiq əkinçilik və “ağıllı kənd təsərrüfatı”nda istifadə olunaraq istehsalın səmərəliliyini artırır;

-DİM 3 – Sağlamlıq və rifah: peyk rabitəsi teletibb üçün etibarlı kanallar təmin edir;

-DİM 4 – Keyfiyyətli təhsil: peyklər ən ucqar ərazilərdə distant təhsilin təşkili imkanını yaradır;

-DİM 9 – Sənaye, innovasiyalar və infrastruktur: peyk həlləri korporativ və dövlət şəbəkələrində geniş tətbiq olunur;

-DİM 10 – Bərabərsizliyin azaldılması: peyk interneti zəif bağlantı olan ərazilərdə əhalinin rəqəmsal inklüzivliyini təmin edir;

-DİM 11 – Dayanıqlı şəhərlər və yaşayış məntəqələri: peyklər ucqar və izolyasiya olunmuş icmalar üçün rabitəni təmin edir;

-DİM 14 – Dəniz ekosistemlərinin qorunması: dəniz rabitəsi bir çox hallarda yalnız peyklər vasitəsilə mümkündür;

-DİM 17 – Dayanıqlı inkişaf naminə tərəfdaşlıq: peyk rabitəsinin qlobal əhatəsini nəzərə alaraq, yuxarıda sadalanan bütün məqsədlərin reallaşdırılması beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil.

— Sizin fikrinizcə, beynəlxalq kosmik ekosistemə inteqrasiyanın dərinləşdirilməsi üçün Azərbaycan hansı istiqamətləri prioritetləşdirməlidir – elmi tədqiqatlar, “New Space” sahəsində startaplar, yoxsa texnologiya transferi?

— Hesab edirəm ki, “Azərkosmos” tərəfindən təşəbbüs göstərilmiş kadr hazırlığı və potensialın artırılması layihəsi, yəni “KOSMİK Akademiya”sı tamamilə düzgün istiqamətdir. Peyk və kosmik sənaye sahəsində peşəkar təhsilə malik, yüksək səviyyədə hazırlanmış mütəxəssislər uğurlu milli kosmik sənayenin “qanı”dır. Səmərəli texnologiya transferi və yüksək təhsil səviyyəsi mövcud olduğu halda, bu, ölkə daxilində elmi tədqiqatların inkişafını stimullaşdıracaq, yeni təşəbbüslərin, ixtiraların və ideyaların yaranmasına, eləcə də Azərbaycanda “New Space” sahəsində startapların və layihələrin inkişafına gətirib çıxaracaq.

— Peyk rabitəsi, birgə layihələr və sənayenin inkişafı kimi sahələrdə Azərbaycan, xüsusilə “Azərkosmos” ilə “İnterspunik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi potensialını necə qiymətləndirirsiniz?

— “İnterspunik” Avrasiya, Latın Amerikası və Afrika regionlarından olan üzv dövlətləri və imzaçıları birləşdirən beynəlxalq hökumətlərarası kosmik rabitə təşkilatıdır. “İnterspunik”in təsis edilməsi haqqında saziş BMT Katibliyində qeydiyyata alınıb. Bizim üçün üzv dövlətlər və peyk sənayesinin digər iştirakçıları arasında beynəlxalq əməkdaşlıq prinsipial əhəmiyyət daşıyır. Bu gün peyk rabitəsi qlobal kommunikasiya sistemində optik-lifli və mobil şəbəkələrlə müqayisədə hələ də nisbətən kiçik paya malikdir. Yalnız səylərin birləşdirilməsi yolu ilə peyk sənayesi qlobal telekommunikasiya infrastrukturunda daha əhəmiyyətli mövqe tuta bilər. Biz məmnunuq və qürur duyuruq ki, güclü regional peyk rabitəsi operatoru olan “Azərkosmos” “İnterspunik”in üzv dövləti olan Azərbaycanın adından təşkilatımızın imzaçısıdır və kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bütün təşəbbüslərdə fəal iştirak edir. Bunlara “Azərkosmos”un gənc mütəxəssislərinin “Interspunik Youth Far Beyond Borders” layihəsində iştirakı, eləcə də ötən il Bakıda təşkilatlarımız tərəfindən birgə keçirilmiş potensialın artırılması və təlim üzrə seminar da daxil olmaqla digər birgə təşəbbüslər və tədbirlər daxildir.

Seçilən
71
1
azertag.az

2Mənbələr