AZ

Qəbiristanlıqdan oğurlanan qalıqlar evdə ortaya çıxdı - Şok istintaq

ABŞ-nin Pensilvaniya ştatında tarixi məzarlığa qarşı törədilən vandalizm və oğurluq faktları ilə bağlı aparılan istintaq çərçivəsində polislər 34 yaşlı Conatan Gerlaxın evində dəhşətli mənzərə ilə qarşılaşıblar.

“Yeni Sabah” “NBC News”a istinadla xəbər verir ki, Delaver dairə prokuroru Tanner Rous cümə axşamı keçirilən mətbuat konfransında bildirib ki, hüquq-mühafizə orqanları onun evində apardıqları axtarış zamanı  qorxu filmini xatırladan səhnələrlə üzləşiblər.

Məlumata görə, evin zirzəmisində 100-dən çox insan kəllə sümüyü, çoxsaylı sümüklər, mumiyalanmış əl və ayaqlar, çürüməkdə olan iki insan cəsədi, eləcə də körpələrə aid sümüklər aşkar edilib. Bəzi sümüklərin rəflərdə nümayiş etdirildiyi, bəzilərinin isə tavandan asıldığı qeyd olunur.

Conatan Gerlax Filadelfiya ilə Yedon şəhərləri arasında yerləşən tarixi “Mount Moriah” qəbiristanlığından əlində kisə ilə çıxarkən saxlanılıb. Kisəyə baxış zamanı iki azyaşlı uşağa aid mumiyalanmış qalıqlar, üç kəllə sümüyü və müxtəlif insan sümükləri tapılıb.

Saxlanılan şəxs ilkin ifadəsində məzarlıqdan təxminən 30 insan qalıqlarını oğurladığını etiraf edib.

Conatan Gerlax barəsində oğurluq, meyitlərə qarşı hörmətsizlik, məzarların təhqir edilməsi və mülkiyyətə qanunsuz daxilolma daxil olmaqla ümumilikdə 574 maddə üzrə ittiham irəli sürülüb.

Rəsmi şəxslər bildiriblər ki, tapılan qalıqların bir hissəsi təxminən 200 il əvvələ aiddir. Eyni zamanda, bəzi sümüklərin üzərində ürək stimulyatoru olduğu üçün onların yaxın zamanda dünyasını dəyişmiş şəxslərə məxsus olduğu ehtimal edilir.

İstintaq qrupu Gerlaxın topladığı insan sümüklərini internet üzərindən satıb-satmadığını və ya hansısa ritual məqsədilə istifadə edib-etmədiyini araşdırır.

Həmçinin qalıqların yalnız “Mount Moriah” qəbiristanlığından dan deyil, ətraf ərazilərdə yerləşən digər qəbirlərdən  də oğurlanmış ola biləcəyi istisna edilmir.

Conatan Gerlax hazırda 1 milyon dollar məbləğində girov qarşılığında həbsdə saxlanılır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
81
yenisabah.az

1Mənbələr