AZ

Vicdanın və Kişiliyin Ünvanına Yazılan Məktub – Hacı Hekayətin Ruhuna » AzadMedia.az



Bəzən bir insan bu dünyadan köçəndən sonra onun yoxluğu daha aydın hiss olunur. Çünki o insan təkcə bir ömür yaşamayıb, həm də dəyər, ölçü və vicdan qoyub gedib. Bu yazı adi xatirə deyil – müəllifin həyatında iz buraxmış, adı “Hacı” olsa da, bu adı əməlləri ilə doğruldan bir İNSANIN ruhuna ünvanlanan səmimi, ağrılı və işıqlı məktubdur. Nurəddin bu məktubda təkcə Hacı Hekayəti yox, həm də bu günün yalanla, riyakarlıqla imtahana çəkilən mənəvi mənzərəsini onun xatirəsi fonunda oxucuya təqdim edir.

"Hacı Hekayətin ruhuna məktub

Salam, GÖY üzünün adamı! Xatirəsi dost-tanışlarına əziz olan İNSAN!
Uca Rəbbimizin rəhmət nuruna qərq olan saf və ölməz RUHUN məndən incikdir yəqin! Səndən sonra indi hər birimizin Ruhuna ehsan edəcəyi ən yaxşı şey xatirəni əziz tutub, Sənin adına, əməlinə hörmət və sayğılarımızdır...
Qədim Şabran mahalından Sənə ünvanladığım bu məktubun cavabsız qalacağına əmin olsam da, milli kimliyini və qibləsini tanımayan imansızların meydan suladığı indiki zəmanədə Allah - Təaladan Sənin ruhun qarşısında günahımın bağışlanmasını təmənna edirəm...
İş elə gətirdi ki, dostumuz, fəlsəfə professoru Əli Şirin Şükürlünün sosial şəbəkə hesabında paylaşdığı: “Ruhun şad olsun, dogma adam - bütün dəyərlərə qiymət verməyi bacaran dəyərli insan. Daim hörmətlə xatırlanacaqsan!” sözlərini oxuyanda səfər üstəydim. Əslində hələ ürəyimi göynədən bu acı xəbərdən əvvəl də çox pərişan idim! Alatoran duyğuların əsarətinə düşmüşdüm. Bir anlığa şəhərin yeknəsəkliyindən, izdihamından uzaqlaşıb sakit bir guşədə özümlə baş-başa qalmaq istəyirdim. Demək, Dünya Azərbaycanlılarının Həmrəylik günündə hamının bir-birinə təntənəli bayram təbrikləri və ismarıcları göndərdiyi vaxtda adının qabağında “Hacı” titulu daşıyan birinin AĞ yalanı iki aylıq zəhmətimin üstündən QARA xətt çəkmişdi. Yaponların belə bir atalar sözü var: “Yalan - oğurluğa atılan ilk addımdır.” İnsanın ömründən YALANLA oğurlanan günlərı, ayları, illəri heç pul-para hesabına bərpa etmək olmaz!.. Nənəm yun didən kimi həmin yalan hələ də qəlbimi didir... Qırmızı At ilinin ilk günü bax, mənim üçün belə ağ yalanla başlamışdı...
Masallıda vaxtilə Məşədi Təyyar adında bir satıcını xatırladım. Onun dükanından məktəbli bazarlığı edəndə elə bilərdim ki, Məşədi olduğu üçün o KİŞİ bizə pulumuzun qəpik-quruş qalığını qaytarır. İndi məşədilərin, kərbalayıların, hacıların sayı-hesabı yoxdur! Allah şair Qəni Bəxtəvərə rəhmət eləsin, yazırdı ki, “Boz atın belində şeytan əyləşib... Hacılar çoxalır, İNSAF azalır...”
Sən KİŞİ hacılardan idin, Hekayət müəllim! Allah bu dünyamızı sənin kimi hacılarla bərqərar eləsin!.. Kəbə evini 10-15 dəfə ziyarət edən bir “Hacının” bazarda dilənçi qadını ağır söyüşlərlə təhqir etməyini öz “Qaranlıq dünyasına işiq axtaran” şair Hadı Seybətinli “Bir ana dilənir bizim bazarda”- deyə nəzmə çəkmişdi.
Rəhmətlik Əliabas müəllimi, oğlu Zakiri xatırladım... Əliabas müəllim onu Həcc ziyarətinə göndərmək istəyən övladlarına demişdi ki, kəndin məktəbə gedən yoluna asfalt çəkdirin, olsun, mənim HƏCC ziyarətim... O vaxt “Azərbaycan müəllimi” qəzetində və rəhmətlik Hacı Mirəziz Seyidzadənin baş redaktoru olduğu “Kəlam” jurnalında bu barədə məqalə də yazmışdım.
Sözümün canı odur ki, Sənin RUHUNA yazdığım məktuba öz incik ruhumun da ağr-acılarını hopdururam və o RUHUN haləsində bu sətirləri yaza-yaza gözlərim önündə sənin gülərüz, təmkinli siman canlanır. Hacı, Sənin 44 günlük Vətən Müharibəsində həlak olan Masallı şəhidlərinə həsr olunmuş “Şəhidlik manifesti” kitabının araya-ərsəyə gəlməsində böyük zəhmətin olub. Şəhid valideynlərinin övladları haqqında xatirələrini dinləyərkən dəfələrlə kövrəldiyini görmüşəm. Hətta dağ kəndinə şəhid ailəsi ilə görüşə gedəndə sənin maşınının mühərriki həddən artıq qızdırdı, bax o an özünü necə səbirli aparmağına şahid olmuşam. Bunu necə unutmaq olar? “Şəhidlik manifesti”ni sən, Hüseyn müəllim, Rəmzi, eləcə də millət vəkili Məşhur Məmmədovun köməkçisi Əli Nağıyevlə birlikdə rayonun məktəblərinə hədiyyə elədiniz... Sən xalq hərakatının fəallarından olmuşdun. İH-də işləyəndə səliqə-sahmanın, adamlarla münasibətin indi də gözlərimin qabağındadır. Mənə işdən çıxmaq barədə ərzəmi yazmağı da rəhmətlik Rafiq Rəsulovla sən təklif etdin... Ona görə ki Siz hər ikiniz də xalqın içindən vəzifəyə gələn ziyalı idiniz. Həqiqətlə yalanı bir-birindən ayıra bilirdiniz... Rafiq müəllim haqqında essemdə bu barədə də yazmışam. Səninlə, həmkəndlin Vaqif müəllimlə fikir ayrılığımız olsa belə, bir-birimizə hörmətlə yanaşmışıq. Öz doğma kəndinin təəssübkeş oğlu kimi sən məni Gəyəçöldə qarış-qarış gəzdirdin. Sosial şəbəkədə Boradigahdan və Ərkivandan sonra üçüncü qəsəbə statusunun Gəyəçölə verilməsi təklifim böyük əks-səda doğurdu. Mənim təklifim də sənin öz doğulduğun torpağa sevgindən qaynaqlanmışdı
Elə indicə Sizin evdə qonaq olanda Əli Şirinlə ədəbi dialoqumuzu lentin yaddaşına köçürməyini xatırladım, bilmirəm o lent yazısı sənin arxivində durur, ya yox. Amma o gün yaddaqalan daha bir əhvalat oldu. Əli Şirinin Səyad adlı dəcəl nvəsi sənin nəvələrini oyuncaqlarını “tar-mar” edəndə mənim yoldaşım, Gülmirə xanım ona “ belə eləməzlər” dedi. O balaca Sayad da qayıdıb ona: “Sən də qonaqsan, mən də... Otur, oturduğun yerdə...” deyəndə xeyli güldük... Ertəsi gün Sən ömür yoldaşınla bizi Seyid Sadıq ağanın, sonra da Mir Kazım Aslanlının məzarlarının ziyarətinə apardın. Sonra da ailəvi təbiət qoynunda oturub çay içə-içə olub keçənləri xatırladıq.
...Hacı, qardaş, ölməzlik ölümdən sonra yaşamaq bacarığıdır! Sən bu bacarığa sahibsən! Allah səni əbədi sakini olduğun behişti-əlada şəfaət mərtəbəsinə ucaltsın!
Ruhuna dərin ehtiramla, Nurəddin.
9 yanvar 2026-cı il.
Şabran rayonu, Pirəbədil kəndi,
Yazıçılar Birliyinin yaradıcılıq və istirəhət evi.
"
Seçilən
35
1
azadmedia.az

2Mənbələr