İki gündür ki, narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzində müalicəsini yarımçıq tərk etməsi sosial şəbəkələrdə müzakirə olunur. Son məlumatları əldə etmək üçün Musavat.com “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri, Nəsimi Nəbizadəni sonuncu görən Ceyhun Salmanovla əlaqə saxlayaraq bir neçə sual ünvanladıq.
– Ceyhun bəy, Nəsimi Nəbizadə ilə bağlı ən son hansı məlumatlara sahibsiniz?
– Hələ heç bir məlumat yoxdur. Dünən axşam Saray qəsəbəsinə getdik, orada da onu tapa bilmədik.
– Nəsimi bəyin Saraydakı evlərdən birində olması ilə bağlı məlumatı sizə kim verdi?
– Bizi oraya qohumları çağırmışdı. Daha dəqiq desək, xalası oğlu və xalasının yoldaşı zəng etmişdi. Onlar bildirdilər ki, Nəsimini Sarayda görənlər olub. Lakin biz Saraya gedəndə qapını açan olmadı. Mən əminəm ki, onu görsək və danışsaq, yenidən müalicəyə qayıtmağa razılaşar. Bəlkə də utandığından üzə çıxmır. Nəsimi bəy 4 ay müalicə almışdı, daha 2 aylıq müalicə prosesi onu gözləyirdi. Növbəti mərhələdə isə ambulator müalicə olacaqdı.
– Bu müddət ərzində Nəsimi bəy sıxıldığını, evə getmək istədiyini demişdimi?
– Yox. Onunla Qarabağa getmişdik, vaxtı çox maraqlı keçirdi, darıxmırdı. Sonuncu dəfə dedi ki, gəzmək istəyir. Onunla “Torqovı”da yerləşən restorana getdik. Mən ayaqyoluna gedib geri qayıdanda o, artıq restoranı tərk etmişdi. Biz bundan əvvəl Nəsimi ilə bəlkə də 20–30 dəfə çölə çıxmışıq. Tez-tez dişinə görə klinikaya gedirdik. Lakin həmin vaxt 3–4 nəfər olurduq. Onda da gedib haradasa oturur, çay içir, nərd oynayırdıq. Bu dəfə ikimizin olmasından istifadə edib yoxa çıxdı.
– Yeri gəlmişkən, dünənki videonuzu izlədim. Açıqlama verirdiniz ki, Nəsimi Nəbizadəyə implant diş qoydurursunuz, hətta ona maşın da hədiyyə edəcəkdiniz və s. Belə jestləri bütün pasiyentlərə edirsiniz, yoxsa Nəsimi bəyə özəl münasibətdir?
– Digər pasiyentlərə qayğı var, amma onlara maşın almırıq, dişini düzəltdirmirik və Zəfər gününə toy planlaşdırmırıq. Üstəlik, digər pasiyentlər mərkəzdə ödənişli qalırlar. Nəsimi Nəbizadədən isə biz ödəniş almırdıq.
– Nəsimi Nəbizadəni evləndirmək istədiyinizi demişdiniz…
– Biz gələn il Zəfər günü ona toy etməyi planlaşdırırdıq. Nəsimi bir xanımla sosial şəbəkədə tanış olmuşdu. Təbii ki, xanımla Nəsimi hələ dəqiq qərar verməmişdilər. Bizim üzərimizə düşən onun toyunu etmək, maddi xərcləri çəkmək idi.
– Nəsimi bəyin qaçması ilə bağlı bir dəfə də video çəkmişdiniz və sonra etiraf etmişdiniz ki, bu, zarafatdır. Dünən baş verənlər ikinci şou deyil ki?
– Biz Qarabağa gedəndə həmin videonu yoldaşlar zarafatla çəkmişdilər. Əvvəldən də görünürdü ki, bu, zarafat üçün çəkilib.
– Axı siz məsuliyyətli işlə məşğul olan reabilitasiya mərkəzisiniz. Nədən belə zarafata və videoya ehtiyac duyursunuz?
– Gəzinti idi, özümüz üçün əylənirdik, işdən danışmırdıq.
– Mətbuatda və sosial şəbəkələrdə yazırlar ki, bu qaçış da şoudur. Hətta bildirilir ki, dünən Saray qəsəbəsində sizi Nəsimi Nəbizadədən çox “TikTok”da canlı yayımı izləyənlərin sayı maraqlandırıb.
– Heç bir plan, şou yoxdur. Nəsimi tək bizim deyil, hamının itkisi oldu. Biz ona bu məsələdə yaxşı maarifləndirmə apara bilən şəxs kimi baxırdıq. Özlərindən uydururlar, biz şou yaratmırıq.
– Mərkəzdə telefondan istifadəyə icazə verilirmi? Nəsimi bəyin hazırda telefonu haradadır?
– Xeyr, icazə verilmir. Onun telefonu mərkəzdə seyfdə saxlanılır. Pasiyentlər telefon istifadə etsə, müalicə mümkün olmaz.
– İddia olunur ki, Nəsimi bəyi orada məcburi şəkildə, özünüzü reklam etmək üçün saxlamısınız…
– Ceyhun Əsgərov da bizdə müalicə olunur. Onu da məcburi saxlayırıq? O, Nəsimi bəydən 5 gün sonra gəlib. Nəsimi “patı”dan o qədər istifadə edib ki, nə etdiyini bilmir. Narkotik insanı zombiləşdirir. Özü gəlmək istəsə, geri qayıdacaq. Biz onunla görüşüb söhbət etmək istəyirik. Gəlmək istəsə gələcək, istəməsə də cənnətin də, cəhənnəmin də yolu bəllidir.