AZ

“Elli” fırtınası Almaniyada ciddi fəsadlara səbəb olub

Berlin, 10 yanvar, AZƏRTAC

Almaniyada bir çox bölgəsində tüğyan edən “Elli” fırtınası ciddi fəsadlar yaradıb.

AZƏRTAC xəbər verir ki, qarlı və buzlu hava şəraiti ilə əlaqədar ölkənin şimalında hələ də fövqəladə hava xəbərdarlıqları qüvvədə qalıb. Fırtına ilə əlaqədar “Alman Dəmir Yolları” şirkəti şimal bölgəsində bütün uzunməsafəli qatarların hərəkətini dayandırıb. Xüsusən Hannover ətrafında dəmir yolu reysləri müvəqqəti dayandırılıb.

Şimal və şərq bölgələrində yollar buzlu və təhlükəli olduğundan bir sıra qəzalar baş verib. Bavariyada iki ölüm hadisəsi qeydə alınıb. Avtomobil və yük nəqliyyatı da ciddi çətinliklə üzləşib. Ağır tonnajlı yük avtomobillərinin yollarda qalması böyük tıxaclara səbəb olub. Ölkənin şimal əyalətlərinin hava limanlarında isə bir sıra uçuşlar ləğv və ya gecikib. Həmçinin bəzi adalar və limanlarla nəqliyyat əlaqəsi dayandırılıb. Hamburq, Aşağı Saksoniya, Bremen və Şlezviq-Holştayn əyalətlərində məktəblər bağlanıb.

Almaniyanın Meteorologiya Xidməti qarşıdakı günlərdə şiddətli qar yağışının yollarda narahatlığa səbəb olacağı barədə xəbərdarlıq edib. Lakin hava şəraitinin həftəsonuna qədər tədricən yumşalacağı gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
67
azertag.az

1Mənbələr