Azərbaycan iqtisadiyyatının orta illik artımı 2025–2034-cü illərdə 2,7% təşkil edəcək.
“APA-Economics” xəbər verir ki, bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinin proqnozunda bildirilib.
Qeyd edilib ki, 2025–2034-cü illəri əhatə edən dövrdə Azərbaycanın iqtisadi artım trayektoriyası daha sabit olacaq. Qiymətləndirməyə görə, bu müddətdə ölkə iqtisadiyyatı orta hesabla illik 2,7% artacaq, halbuki 2014–2024-cü illərdə orta artım tempi 1,5% təşkil edib. “Fitch Solutions” bildirir ki, Azərbaycanın geniş enerji ehtiyatları, xüsusilə təbii qaz, qarşıdakı on ildə də iqtisadi artımın əsas hərəkətverici amili olaraq qalacaq. Avropa bazarının Azərbaycanın enerji resurslarına tələbinin artacağı qeyd olunur. Hesabata görə, 2005-ci ildən etibarən neft gəlirləri ÜDM-in təxminən 30%-ni, son illərdə isə dövlət gəlirlərinin 75%-dən çoxunu formalaşdırıb. Neft hasilatında mümkün azalma ehtimalına baxmayaraq, neft qiymətlərinin sabit qalması fonunda neft sektorunun ÜDM-də payının orta müddətli perspektivdə yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.
Proqnoza əsasən, adambaşına düşən ÜDM 2023-cü ildəki 8 558 ABŞ dollarından 2034-cü ildə 17 282 ABŞ dollarına yüksələcək. “Fitch Solutions” valyuta sabitliyini nəzərə alaraq, bu göstərici üzrə yuxarı yönlü risklərin mövcud olduğunu qeyd edir. Analitiklərin fikrincə, nominal gəlirlərin və istehlakın artması iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələr üzrə şaxələndirilməsinə müəyyən dəstək verə bilər. Hesabatda vurğulanır ki, enerji sektorundan həddindən artıq asılılıq uzunmüddətli dövrdə “Holland sindromu” risklərini artırır. Bu baxımdan, hökumətin iqtisadi şaxələndirməni sürətləndirmək üçün tədbirlər planlaşdırdığı qeyd olunur. Sözügedən tədbirlərə qeyri-neft vergi siyasətinin yenidən nəzərdən keçirilməsi, vahid vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafını dəstəkləmək məqsədilə ƏDV-nin azaldılması daxildir.
Bununla yanaşı, enerji və nəqliyyat sahələrində infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin rəqabətqabiliyyətli qeyri-enerji sektorunun formalaşmasına və iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunur.
İqtisadçı Xalid Kərimli hesab edir ki, növbəti 10–11 il üçün 2,7%-lik iqtisadi artım proqnozlaşdırılması çox yaxşıdır:
“Baxmayaraq ki, indi proqnozun özündə də göstərilir, son 10 ildə 1,5%-lik orta iqtisadi artım müşahidə olunub. Amma növbəti 10–11 il üçün 2,7%-lik iqtisadi artım proqnozlaşdırılması çox yaxşıdır. Hökumət keçən il ölkə üçün 3%-dən çox iqtisadi artım proqnozlaşdırmışdı. Hazırda isə ikinci ayın məlumatı yoxdur, lakin 11 aylıq məlumatlarda bu rəqəm 1,6% idi. Yəni proqnozlar çox vaxt həm yuxarı, həm də aşağı istiqamətdə düzgün çıxmaya bilər. Bu, problem deyil, çünki proqnozlar gələcəyə yönəlik verilir. Uzunmüddətli proqnozlarda bu fərqin olması ehtimalı daha yüksəkdir, daha yaxşı da ola bilər, daha pis də. Təşkilat bu proqnozu verəndə ölkənin indiki start vəziyyətini, ehtiyatlarını, rezervlərini, borclanma səviyyəsini, gələcək gəlirləri nəzərə alıb. İstənilən halda, proqnozun müsbət olması, yəni uzunmüddətli artımın gözlənilməsi çox yaxşıdır. Çünki ölkə haqqında müsbət fikirlər olanda, iqtisadi sabitlik və artım gözlənildikdə, investorlar da daha rahat şəkildə investisiya qoymaq istəyirlər”.
İqtisadçıya görə, əvvəlki 10 illə müqayisədə daha yüksək artım proqnozlaşdırılması istənilən halda müsbət siqnaldır:
“Amma proqnozların özünü doğruldub-doğrultmayacağı həm hökumətin aparacağı iqtisadi siyasət, həm də islahatların hansı səviyyədə aparılacağı müəyyən edəcək. Bundan başqa, regional amillər də çox önəmlidir, məsələn, Ermənistanla sülh olacaq, ya olmayacaq, Zəngəzur dəhlizi açılacaq, ya açılmayacaq və s.
Yəni regiondakı hərbi-siyasi vəziyyətdən də asılı olacaq. Bu səbəbdən uzunmüddətli proqnozlar tez-tez yenilənir. Hətta illik proqnozlar belə revizə olunur. Bu da yəqin ki, zamanla yenilənəcək. Amma istənilən halda beynəlxalq bir təşkilatın ölkəmizlə bağlı müsbət və uzunmüddətli iqtisadi artım proqnozu verməsi, əlbəttə ki, çox yaxşı xəbərdir”.