AZ

7 ilə cəmi 1206 lift yenilənib - 4058 lift isə köhnədir - Rəsmi

Son illər ərzində, 1206 ədəd lift yenisi ilə əvəz olunub, 148 ədəd lift hazırda yenilənir...

Bakıda yüz minlərlə sakin hər gün liftlərdən istifadə etməyə məcburdur. Eyni zamanda insanlar liftlərin köhnə, baxımsız və təhlüksəziz olduğundan mütəmadi şikayətlənirlər. Hətta ötən il liftlərin qırılaraq xəsarət alanların, ölənlərin belə şahidi olduq.

“Lifttəmir” İstehsalat Birliyinin Bizimesr.az-ın sorğusuna cavab olaraq təqdim etdiyi rəsmi statistika isə olduqca maraqlı və düşündürücüdür. 

Belə ki, “Lifttəmir” İstehsalat Birliyi sorğuya cavab olaraq bildirir ki, qurum yalnız Bakı Şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna aid olan rayon mənzil-kommunal təsərrüfatı təşkilatlarının balansında olan binalarda yerləşən 5412 ədəd liftə müqavilə əsasında texniki xidmət göstərir.

Rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi barədə” sərəncamlarına uyğun olaraq son illər ərzində, 1206 ədəd lift yenisi ilə əvəz olunub, 148 ədəd lift hazırda yenilənir. Liftlərin yenilənməsi mərhələli şəkildə davam edir.

Lakin bu məlumatlar ümumi mənzərəyə baxıldıqda ciddi suallar doğurur...

Sadə hesab, ciddi nəticə

“Lifttəmir”in balansında olan 5412 liftdən 1206-sı yenilənib və 148-i hazırda dəyişdirilir. Bu isə o deməkdir ki, 4058 ədəd lift hələ də köhnədir, amma işləyir.

Başqa sözlə, Bakı şəhərində dövlət mənzil fonduna aid binalarda olan liftlərin təxminən 75 faizi istismar müddətini ya başa vurub, ya da başa vurmaq üzrə olan texniki baxımdan köhnəlmiş liftlərdir. Bu liftlərin hansı vəziyyətdə olduğu isə açıq qalır.

Bəs təhlükəsizlik kimə aiddir?

Məsələnin ən kritik tərəfi isə təhlükəsizlik və nəzarət mexanizmidir. Qanunvericiliyə əsasən, liftlər yüksək təhlükə mənbəyi sayılır və onların istismarına, texniki vəziyyətinə və təhlükəsizlik normalarına Fövqəladə Hallar Nazirliyi (FHN) nəzarət etməlidir.

Sorğuya cavabda qeyd olunur ki, «Lifttəmir» İstehsalat Birliyinin texniki xidmətində istismara yararsız lift mövcud deyil. Liftlər hər ay növbəli şəkildə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agenliyinin müfəttişliyi ilə birgə texniki baxışdan keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlər növbəti il üçün istismarına icazə verilir. Gün ərzində liftlərin dayanma səbəblərindən aslı olaraqdaxil olan müraciətlər aradan qaldırılır.

Bu baxımdan suallar yaranır, köhnə olduğu bildirilən 4058 liftin neçəsi FHN tərəfindən tam təhlükəsiz hesab olunur?

Neçəsi istismar müddətini başa vurduğu halda hələ də istifadədədir?
Qəzalı vəziyyətdə olan liftlərə görə məsuliyyət kimdədir?

Lift işləyir, amma təhlükəsizdirmi?

Liftin işləməsi onun təhlükəsiz olması demək deyil. Mütəxəssislər bildirir ki, istismar müddətini bitirmiş köhnə liftlərdə qəfil dayanma, kabinanın sürüşməsi, texniki nasazlıqlar kimi ciddi risklər yaradır. Bu risklər isə birbaşa FHN-in nəzarət funksiyası ilə bağlıdır. Əgər minlərlə köhnə lift hələ də istismardadırsa, deməli onların təhlükəsizliyinə dair rəy verilib, məsuliyyətini də FHN daşıyır.

Mərhələli yenilənmə – ləng proses

Rəsmi qurumlar liftlərin “mərhələli şəkildə” yeniləndiyini bildirsə də, mövcud statistika göstərir ki, proses olduqca yavaşdır. Minlərlə bina sakini, xüsusilə yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər mütəmadi olaraq lift xidmətindən şikayətlənirlər. Beləliklə, “Lifttəmir” İstehsalat Birliyinin Bizimesr.az-a təqdim etdiyi rəsmi statistikaya əsasən, Bakı şəhərində dövlət mənzil fonduna aid binalardakı liftlərin böyük əksəriyyəti hələ də yenilənməyib. 5412 liftdən cəmi 1206-sı yenilənib. 4058 ədəd lift hələ də köhnədir...

Qeyd edək ki, “Lifttəmir” İstehsalat Birliyi. Bakı şəhər İcra Hakimiyyətinin xidmət dairəsindədir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,  “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri isə Xalid Ələkbərovdur. 

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr