AZ

Sapsarı Ay işığı tutdu əlimdən... Ələddin Əzimlinin şeirləri

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün şair Ələddin Əzimlinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Labirint

Yolum düşdü yad şəhərdə

bir küçədən bu səhər.

Elə bildim

bizimkidir bu şəhər.

Binalar da, tanışdı,

adamlar da tanışdı.

Az keçmədi

göy tutuldu,

hava qəfil qarışdı.

Daldalanmaq istədim.

Gördüm,

heç bir yana yolum yox,

hər tərəfim divardı.

Ayıldım,

məni fikir apardı...

***

Bu payız üşüdəcək məni,

elə ağacları da.

Ağaclar

yarpaq-yarpaq göynəyəcək,

ağlayacaq,

güləcək çılpaqlığına.

Yaşıl-yaşıl yuxular

diksindirəcək ağacları

yaşıl-yaşıl ümidlər gələnəcən...

***

Qulaqlarımı kar eləyən

ayaq səslərindən,

dünyanın bu yorğun kəndindən,

gecənin boşluğundan

baş alıb qaça bilmədim.

Sapsarı Ay işığı

tutdu əlimdən...

***

Ürəyimin

içi bomboşdur bu axşam.

Deməyə

sözüm qalmayıb,

oxumağa nəğməm.

Ayaqqabılarım

yırtılıb gəzməkdən.

Başım

ağrıyır yatmaqdan.

Bir yandan da

ürəyimin

içi bomboşdur bu axşam...

Tənhalıq

Tənhayam

dənizin göz işlədikcə

uzanan sahilində.

Qumluqdan götürdüyüm

heç bir işə yaramayan

qamış parçası var

əlimdə.

Ancaq və ancaq

səni zikr edirəm –

susuzluqdan qurumuş,

qaysaq bağlamış

dodaqlarımda.

Qadın

Axşamdan

Bürüyüb otağı

O qadının

Məstedici qoxusu.

Bir də

bir həzin gecənin

qarmaqarışıq yuxusu.

O qadın

gecədən keçmiş

məndən ayrılsa da,

çıxıb getsə də,

açılmır səhər,

uzanır gecə.

Mürgü içindədir

burda nə varsa –

yorğun bədən də.

Sərməstəm,

sərxoşam

sanki bu anda.

O qadın

ruhumu aparıb bəlkə,

burdan gedəndə?!...

Van Qoqa

Günəşə baxa-baxa

boy-boy dartıla-dartıla,

xumarlanan günəbaxanlar.

Günəş batır,

axşam düşər,

kökü ilə bağlandığı

bərəkətli torpağa baxa-baxa,

başı enər sinəsinə,

utanar günəbaxanlar.

Pəncərə arxasında düşüncələr

Bu şüşənin o üzündə

Dünyadır –

Günəşiylı,

Ağacıyla,

Quşlarıyla fıravan.

Bu şüşənin bu üzündə

Mən varam –

Paltarımla,

Bədənimlə,

hissələrimlə bərabər.

Bu şüşənin o üzündə

dünyadır

Bu üzündə -

Gözlərim.

Sükut

Sükut –

göylərin fəryadı.

Barmaqlarının ucunda yeriyən qadın.

Sükut –

bir daş parçası,

içində ağlayan,

boğulan

qarışqa nəfəsi.

Sükut –

dodaqların, dişlərin arasında

oğrun-oğrun gizlənən dil.

Sükut –

yaxamdan yapışan,

məni harasa sürükləyən

möhkəm bir əl.

Qardaş, gəl burax yaxamı,

bacarırsansa,

qışqır,

ucadan qışqır,

poz sükütu.

Çalış,

qurtar məni bu məhbəsdən!..

Conni Depp "Master və Marqarita" filmində rol alacaq

Bakıdan Şuşaya uzanan qırğının qarşısını kəsən nazir - Erməni vilayəti necə yaradıldı?

Əli Çağlanın "Katarina" kitabı Yazıçılar Birliyində təqdim olundu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
kulis.az

2Mənbələr