Azərbaycanın investisiya siyasəti
Yanvarın 8-də Bakının siyasi və mənəvi məkanları sırasında xüsusi yer tutan “Gülüstan” sarayında keçirilən tədbir sıradan bir açılış mərasimi deyildi. Bu hadisə müstəqil Azərbaycanın möhkəmlənən iqtisadi iradəsinin, sabit diplomatik mövqeyinin və qlobal enerji sistemində artan rolunun rəsmi təsdiqi kimi dəyərləndirildi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli dövlət strategiyasının real nəticəsi olaraq tarixə düşdü.
Açılış mərasimində Dövlət başçısının səsləndirdiyi fikirlər bu hadisəyə ideoloji dərinlik, siyasi çəkidarlıq və gələcəyə yönəlmiş aydın baxış qazandırdı.Dövlət başçısının vurğuladığı kimi, “Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür”, çünki Azərbaycan artıq təkcə enerji istehsal etmir, enerji siyasətini milli inkişaf fəlsəfəsinin ayrılmaz hissəsinə çevirir. Dörd il əvvəl məhz bu məkanda layihənin təməl daşının qoyulması və bu gün stansiyanın fəaliyyətə başlaması dövlət idarəçiliyində ardıcıllıq və məsuliyyət prinsipinin bariz nümunəsidir. Ölkə Prezidentin sözləri ilə desək, bu illər ərzində görülən işlər nəticəsində 240 meqavat güc artıq ölkənin enerji sisteminə qoşularaq ümumi inkişaf prosesinə xidmət edir.
“Xızı–Abşeron” layihəsi “ACWA Power”in Azərbaycanda reallaşdırdığı ilk bərpaolunan enerji təşəbbüsü olsa da, cənab Prezidentin açıq mesajları göstərir ki, bu yalnız başlanğıcdır. Şirkətin gələcək layihələrinin dövlət tərəfindən dəstəklənməsi Azərbaycanın yaşıl enerji gündəliyinin möhkəm siyasi zəminə malik olduğunu təsdiqləyir. Bununla yanaşı, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihələrin də bu şirkət tərəfindən icra ediləcək olması əməkdaşlığın artıq enerji sektorundan kənara çıxaraq insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəldiyini nümayiş etdirir.
Bu layihə beynəlxalq əməkdaşlığın klassik, lakin müasir modelini ortaya qoyur: Səudiyyə Ərəbistanının investisiya potensialı, Çinin texnoloji və podratçı təcrübəsi, Azərbaycanın isə siyasi sabitliyi və hüquqi etibarlılığı. “Power China” şirkətinin bu layihədə iştirakı və gələcəkdə investor kimi çıxış edəcəyi perspektivi göstərir ki, Azərbaycan artıq beynəlxalq enerji şirkətləri üçün uzunmüddətli və etibarlı planların qurulduğu məkana çevrilib.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də enerji təhlükəsizliyinə rasional və realist yanaşma oldu. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkənin enerji strategiyasının əsas dayaqlarından biridir. Mingəçevirdə istifadəyə verilmiş 2000 meqavatlıq ənənəvi elektrik stansiyası ilə yanaşı, günəş və külək stansiyalarının sürətlə artması Azərbaycanın enerji təhlükəsizliyini riskə atmadan yaşıl transformasiyanı həyata keçirdiyini göstərir. Bu gün ölkənin ümumi generasiya gücünün 10 min meqavata çatması mühüm tarixi nailiyyətdir və Prezidentin qeyd etdiyi kimi, yaxın illərdə bu göstərici daha da artaraq Azərbaycanı regionun aparıcı elektrik enerjisi ixracatçılarından birinə çevirəcək.
Azərbaycanın bütün bölgələrində bərpaolunan enerji istehsalının mümkün olması – Qaradağdan Xızıya, Abşerondan işğaldan azad edilmiş ərazilərə qədər yeni stansiyaların tikintisi – vahid enerji xəritəsinin formalaşdırıldığını göstərir. Xəzər dənizinin 157 giqavatlıq külək potensialı isə Azərbaycanın gələcəkdə Avrasiya məkanında əsas enerji mərkəzlərindən birinə çevrilə biləcəyini aydın şəkildə ortaya qoyur.
Mərasimdə maliyyə göstəricilərinə toxunulması tədbirin siyasi mesajlarını daha da gücləndirdi. 300 milyard dollardan artıq cəlb edilmiş sərmayə, aşağı xarici borc səviyyəsi və yüksək valyuta ehtiyatları ölkənin iqtisadi müstəqilliyinin əsas dayaqlarıdır. Kredit reytinqinin yüksəldilməsi isə beynəlxalq maliyyə institutlarının bu reallığı qəbul etdiyini təsdiqləyir. Dövlət başçısının səsləndirdiyi “Sözümüz imzamız qədər dəyərlidir” fikri Azərbaycanın investisiya siyasətinin fundamental prinsipini ifadə edir. Bu yanaşma xarici investor üçün etibarlı zəmanət, dövlət üçün isə siyasi nüfuz məsələsidir.
Bərpaolunan enerji istehsalının artması enerji saxlanması sahəsində də yeni mərhələnin başlanmasını zəruri edir. İlk dəfə yaradılan 250 meqavatlıq Batareya Enerji Saxlama Sistemi Azərbaycanın enerji idarəçiliyində keyfiyyətcə yeni dövrə qədəm qoyduğunu göstərir. Süni intellekt, data mərkəzləri və enerji tutumlu sahələrə yönəlmiş çağırışlar isə ölkənin enerjidən texnologiyaya keçid strategiyasının açıq ifadəsidir.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı bir daha sübut etdi ki, Azərbaycan üçün enerji layihələri sadəcə iqtisadi obyekt deyil, milli gücün, beynəlxalq etibarın və gələcəyə yönəlmiş strateji baxışın təzahürüdür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu enerji xətti ölkəni təkcə işıqlandırmır, eyni zamanda onu strateji baxımdan daha da gücləndirir. Bu gün Xızıdan və Abşerondan əsən külək yalnız turbinləri hərəkətə gətirmir —
bu külək Azərbaycanın sabitliyini, etibarlılığını və gələcəyə olan inamını dünyaya daşıyır.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü