AZ

Yeni inkişaf mərhələsi

2026-cı il yanvarın 8-də Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Xızı-Abşeron “Külək Elektrik Stansiyasının  açılış mərasimi  ölkəmizin enerji sahəsindəki siyasətində, bu sahədə aparılan islahatların və strateji hədəflərin növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir. Bu hadisə ölkəmizin energetika tarixində mühüm mərhələ kimi yadda qalacaqdır.

Bu hadisə təkcə 240 meqavatlıq yeni enerji mənbəyinin istismara verilməsi deyil, eyni zamanda ölkənin enerji strategiyasında yaşıl enerjiyə keçidin real nəticələrinin nümayişi idi.

Ölkə Prezidenti cənab İlham Əliyev açılış mərasimində vurğuladı ki, Azərbaycan enerji sahəsində yalnız bu günü deyil, onillikləri əhatə edən siyasət həyata keçirir. Bu stansiya ölkəmizin enerji potensialını gücləndirməklə yanaşı, ümumi sosial-iqtisadi inkişafa da ciddi töhfə verəcəkdir.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə inşa edilən ilk bərpa olunan  enerji layihəsidir. Dövlət başçısı bildirmişdir ki, bu yalnız başlanğıcdır. Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən  “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu  bütün planları həyata keçiriləcəkdir.

Mərasimdə cənab Prezidentimiz Azərbaycan energetiklərinin əməyini yüksək qiymətləndirmişdir. Çünki son illərdə ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm də məsuliyyətli bir prosesdir. Enerji sistemimizə inteqrasiya böyük peşəkarlıq, böyük vəsait tələb edir. Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır.

Ölkəmizin başçısı qeyd etdi ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə  yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə  təxminən 3 dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur.

Qeyd olunmuşdur ki, həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrinin paralel inkişafı ölkənin enerji təhlükəsizliyinin əsas təminatıdır.

Son illərdə ölkədə 230 meqavat gücündə Günəş Elektrik Stansiyası, 240 meqavatlıq külək stansiyası istismara verilmiş, işğaldan azad edilmiş ərazilərdə isə Cəbrayıl rayonunda ümumi gücü 340 meqavat olan üç Günəş Elektrik Stansiyasının tikintisinə başlanılmışdır. Bu faktlar Azərbaycanın “yaşıl enerji” strategiyasının real nəticələrini nümayiş etdirir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın coğrafi mövqeyi bərpaolunan enerji istehsalı üçün geniş imkanlar yaradır. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat həcmində qiymətləndirilməsi gələcək üçün böyük perspektivlər açır. Dövlət başçısı bu imkanlardan istifadə edərək Azərbaycanın regionun etibarlı enerji istehsalçısına çevriləcəyinə əminliyini ifadə etmişdir.

Çıxışda investisiya mühiti ilə bağlı məsələlərə də toxunulmuşdur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan indiyədək 300 milyard dollardan artıq xarici sərmayə cəlb etmişdir. Ölkənin maliyyə vəziyyəti sabitdir, xarici borcun ÜDM-də payı cəmi 6 faizdən bir qədər çoxdur və valyuta ehtiyatları bu borcu 16–17 dəfə üstələyir. Bütün bunlar Azərbaycanın etibarlı investisiya məkanı olduğunu sübut edir.

Gələcək planlardan danışan Prezident qeyd etmişdir ki, bərpaolunan enerji potensialının artması enerji saxlanması infrastrukturunun yaradılmasını zəruri edir. Bu məqsədlə ölkədə ilk dəfə olaraq 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi inşa edilir. Bundan əlavə, imzalanmış müqavilələrə əsasən 2030–2032-ci illərədək 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr əsasən xarici investorlar tərəfindən icra olunur və dövlət bu sərmayələri daim qoruyur. Azərbaycan etibarlı tərəfdaşdır, qəbul edilmiş qərarlar və imzalanmış müqavilələr dəyişməz olaraq qalır.

Qeyd edilmişdir ki, Azərbaycan etibarlı tərafdaşdır. İllərdir icra edilən neft və enerji müqavilələrinin dəyişdirilməzliyi, investorlara verilən zəmanətlər ölkəmizə olan inamı daha da möhkəmləndirir.

Mərasimdə ölkə başçısı bildirmişdir ki, Azərbaycan bu gün regionda və dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınır. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı isə bu strateji yolun növbəti mühüm uğurdur.

Qadir İbrahimov,
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Seçilən
57
ikisahil.az

1Mənbələr