AZ

Dünyada yeni vəziyyət: Maduronun həbsinə görə mümkünsüz oldu

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“ABŞ Prezidenti Donald Trampın əmri ilə Venesuela ərazisində həyata keçirilən hərbi əməliyyat nəticəsində Maduronun həbs edilərək zorla ölkəsindən çıxarılması və ABŞ-a aparılaraq istintaqa cəlb edilməsi beynəlxalq hüququn fundamental əsaslarının faktiki olaraq iflası deməkdir”.

Bu sözləri Globalinfo.az-a politoloq Bakir Həsənbəyli deyib.

Politoloq bildirib ki, dövlətin hansı siyasi sistem və ya idarəçilik forması üzərində qurulmasından asılı olmayaraq, ona qarşı hərbi müdaxilə və zor tətbiqi həmin dövlətin suverenliyinin, müstəqilliyinin, ərazi toxunulmazlığının və daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulmasıdır və beynəlxalq cinayət xarakteri daşıyır:

“Maduronun ölkə daxilində və ya beynəlxalq müstəvidə törətdiyi iddia olunan hər hansı cinayət faktı olsa belə, bu, heç bir halda üçüncü bir dövlətin onu birtərəfli qaydada həbs etməsinə və ya zorla başqa ölkəyə aparmasına hüquqi əsas vermir. Bu cür fəaliyyət nə beynəlxalq hüquq normaları, nə də mövcud beynəlxalq siyasi-diplomatik mexanizmlər çərçivəsində əsaslandırıla bilər. Bundan sonra beynəlxalq hüquqdan, onun norma və prinsiplərindən danışmaq, yaxud onu legitim tənzimləyici mexanizm kimi qəbul etmək mümkünsüz hala gəlir.

XXI əsrdə artan münaqişələr və qlobal təhlükəsizlik çağırışları bu gün də ərazi bütövlüyü, suverenlik və dövlət toxunulmazlığı kimi fundamental prinsiplərin aktuallığını ortaya qoyur. Dövlətlər beynəlxalq hüquqi çərçivədə bərabərdirlər və bu hüquqları həyata keçirmək üçün eyni imkanlara malikdirlər. Dövlətlər bir-birinin sərhədlərinə hörmət etməli və qonşularına qarşı zorakılıqdan çəkinməlidirlər. Nikolas Maduronun həbs edilməsi və beynəlxalq səviyyədə cinayətlərdə ittiham olunması yalnız iki hüquqi mexanizm çərçivəsində mümkün ola bilər. Birincisi, BMT Təhlükəsizlik Şurasının müvafiq mandatı əsasında, ikincisi isə Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə”.

Bakir Həsənbəyli

Politoloq bildirib ki, 1961-ci il Vyana Konvensiyasına əsasən, dövlət başçısının şəxsi və siyasi toxunulmazlığı beynəlxalq hüququn fundamental institutlarından biridir:

“Bu toxunulmazlığın birtərəfli qaydada pozulması BMT-yə üzv olan bütün müstəqil dövlətlərə qarşı açıq və sistemli təhdid xarakteri daşıyır. O baxımdan, Maduronun şəxsiyyəti və idarəçilik formasından asılı olmayaraq, həyata keçirilən əməliyyat mahiyyət etibarilə beynəlxalq hüququn açıq şəkildə tapdalanmasıdır. BMT Nizamnaməsi dövlətlərə öz hüquq və səlahiyyətlərini həyata keçirərkən digər dövlətlərin hüquq və azadlıqlarını pozmamağı öhdəlik kimi müəyyən edir. Həmin müddəalar BMT Nizamnaməsinin özünə də şamil olunur.

Nizamnamənin 2.4-cü maddəsinə əsasən, bütün üzvlər beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqindən və ya güc tətbiqi ilə hədələməkdən, eləcə də Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə uyğun olmayan hər hansı başqa formada müdaxilədən çəkinməlidirlər.

Təəssüf ki, ABŞ-ın yaratdığı bu mənfi presedent artıq hədə-qorxu alətinə çevrilməkdədir. Bu hadisənin ən ciddi narahatlıq doğuran tərəfi ondan ibarətdir ki, dövlətinin ərazi bütövlüyünə müdaxilə edilmiş, millətinin haqq və hüquqları uğrunda dörd ilə yaxın mübarizə aparmış bir şəxs də artıq bu ritorikadan istifadə etməyə başlayıb. Görünən odur ki, dünya hələ onu təəccübləndirəcək çoxsaylı hadisələrə şahid olacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
globalinfo.az

1Mənbələr