Qazaxıstanın “Ordabası” komandasında çıxış etmiş Mamadu Mbodj yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin sabiq üzvü Qazaxıstan və Azərbaycan futbolunu müqayisə edib. Hazırda Vyetnamın “Thanh Hoa” klubunun formasını geyinən 32 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırırıq:
“Mənim pik dövrüm “Neftçi”də olub. Çempion olduq, bütün oyunlarda iştirak etdim və Çempionlar Liqasına vəsiqə qazandıq. Komanda Avrokuboklarda davam edə bilməsə də, həmin dövr mənim üçün ən yaxşısı idi”.
Seneqallı oyunçu “Qarabağ”ın Çempionlar Liqasında “Kayrat”dan daha uğurlu çıxış etməsini belə şərh edib:
“Burada təcrübə həlledici rol oynayır. “Qarabağ”ın avrokuboklarda nə qədər tez-tez iştirak etdiyinə baxın. Onlar ardıcıl beş il oynayırlar, “Kayrat” isə beş ildə bir dəfə. Amma builki nailiyyəti yaxın on ildə heç biri təkrarlaya bilməz. Onlar “Kayrat”la birlikdə öz potensiallarını göstərə bildilər. Azərbaycan klubunun sistemi mənə çox xoş gəlir. “Qarabağ”a qarşı nə qədər oynamışamsa, orada həmişə eyni baş məşqçi və eyni əsas heyət olub. Hər il cəmi iki-üç futbolçu əlavə edirlər və komandanın onurğası formalaşıb”.
M.Mbodj 2020/2021 mövsümündə “Neftçi” ilə çempion olmasından da söz açıb:
-“Neftçi” çempionatın son turunda “Qarabağ”la qarşılaşdı. Onlara qızıl medallar üçün 1 xal kifayət edirdi, bizə isə yalnız qələbə lazım idi. 90-cı dəqiqədə vurduğumuz yeganə qolla kuboku qazandıq. Açığı, əlavə vaxtda rəqib qol vurmalı, hətta penalti də qazanmalı idi. Amma xoşbəxtlikdən hakim buna reaksiya vermədi (gülür). Məhz buna görə də “Qarabağ”ın nə qədər güclü komanda olduğunu çox yaxşı anlayıram”.