AZ

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

Kiyev, 10 yanvar, AZƏRTAC

Rusiya ordusunun növbəti dəfə, daha dəqiq desək, ikinci dəfə Ukrayna ərazisinə “Oreşnik” ballistik raketini atması yerli və dünya mətbuatının əsas mövzusuna çevrilib.

AZƏRTAC xəbər verir ki, Rusiya ilk dəfə “Oreşnik” raketini 2024-cü ilin noyabrın sonunda Denpropetrovsk vilayəti ərazisinə atıb. Onda hələ bu raketin göstəriciləri maraqla təhlil edilmişdi. "Oreşnik" raketi orta mənzilli yer-yer ballistik raketidir. O, həm nüvə, həm də qeyri-nüvə başlığı ilə buraxıla bilər. Spesifikaları haqqında az məlumat olsa da, onun hədəflərə 10 Max (saniyədə 2,5-3 km) sürətlə çatdığı məlumdur. Rusiya raket təsnifatına görə isə mənzil 5500 km-ə qədər ola bilər. Bu rəqəmlər qismən Ukrayna kəşfiyyatı tərəfindən təsdiqlənir. Onların açıqlamasında bildirilir ki, 2024-cü ilin noyabrın 21-də Dneprə uçuş müddəti 15 dəqiqə olub və son mərhələdə sürət 11 Max-ı keçib. Bu, aeroballistik “Kinjal” raketindən üç dəfə sürətlidir. Həmçinin “Oreşnik” hər biri altı sursatla silahlanmış altı döyüş başlığı daşıyır.

Nüvə silahlarının yayılmaması üzrə mütəxəssis Ceffri Lyuisin sözlərinə görə, bu sistem bir müddətdir hazırlanır. Zərbə yerindən qalan qalıqlar “Oreşnik” raketinin diametrinin təxminən 92 sm olduğunu göstərir. Britaniyalı analitik Nik Braun onun maksimal mənzilinin 5500 km-ə qədər olduğunu, yəni Moskvanın Avropanın istənilən nöqtəsinə çata bilən ən uzunmənzilli silahdan istifadə etdiyini irəli sürür.

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu isə hesab edir ki, “Oreşnik” Avropanı qorxuda saxlamaq üçün istifadə edilir. Məhz ikinci dəfə “Oreşnik”in Avropanın sərhəd bölgəsinə, Lvov vilayətinə atılması da bu faktın göstəricisidir.

İnstitutun analitikləri hesab edirlər ki, Rusiya Qərbə "qabiliyyətlərini" nümayiş etdirmək üçün "Oreşnik" zərbəsi üçün Lvov bölgəsini qəsdən hədəf alıb. İnstitut hücumu Qərb ölkələrini Ukraynaya qoşun yerləşdirməkdən qorxutmaq məqsədi daşıyan "Rusiyanın nüvə qılınc zərbəsi"nin bir hissəsi adlandırır. İnstitut xatırladıb ki, "İstəklilər koalisiyası” ölkələrin yanvarın 6-da Parisdə keçirilən görüşündə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq atəşkəsdən sonra qoşunlarını göndərmək barədə razılığa gəlib. Eyni zamanda, Kreml dəfələrlə bildirib ki, bu cür Qərb təhlükəsizlik zəmanətləri Rusiya üçün qəbuledilməz olacaq və xarici qoşunlar rus ordusu üçün qanuni hədəflər olacaq.

Analitiklər qeyd edirlər ki, nüvə başlığı daşıya bilən "Oreşnik”in Lvov bölgəsinə zərbəsi “İstəklilər koalisiyası” üçün təhlükə və xarici qoşunların yerləşdirilməsini dayandırmaq cəhdidir. İnstitut, həmçinin xatırladıb ki, Rusiya ilk dəfə 2024-cü ilin noyabr ayında Ukraynanın ATACMS və "Storm Shadow" raketləri ilə zərbələrinə cavab olaraq "Oreşnik”i Ukraynaya qarşı istifadə edib. Həmin vaxt Kreml Qərbi qorxutmağa və Ukraynaya hərbi yardımı dayandırmağa çalışırdı.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın Ukraynaya qarşı "Oreşnik" ballistik raketindən istifadəsini, Lvov bölgəsinə zərbəsini Avropa İttifaqı ölkələrinə açıq təhlükə hesab edib. Zelenski qeyd edib ki, Rusiyanın "Oreşnik" raketinin hücumu Avropa İttifaqı ölkələrinin sərhədlərinə yaxın ərazidə baş verib. Bu, bir çox Avropa paytaxtları üçün ortaq problem yaradır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
61
2
azertag.az

3Mənbələr