AZ

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir - SXEM AÇILDI

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. 

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. 

Onu da vurğulayaq ki, gələcəkdə Ermənistandan Azərbaycana müxtəlif məhsulların idxal ediləcəyi də gözlənilir.

Maraqlıdır, ölkələrarası neft məhsullarının satış prosesi necə həyata keçirilir? Yəni Ermənistana göndərilən neft məhsullarının satışına dair Azərbaycana ödənilən vəsaitlər banklar tərəfindən həyata keçirilir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, iki ölkə arasında birbaşa ödəniş yoxdur:

"Ancaq təbii ki, biz həmin ölkəyə məhsul ixrac ediriksə, o zaman ölkələrarası müqavilə bağlanıb. Fikrimcə, ödəniş üçün xaricdə, Avropada və ya Amerikada olan bank hesabımızı göstərmişik. Onlar da vəsaiti həmin hesaba ödəyəcəklər. Yəni bu texniki baxımdan heç də vacib deyil ki, onlar vəsaiti Azərbaycana köçürsünlər.

Yəqin ki, satışı həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti və yaxud ona məxsus olan hansısa şirkətlərdən biridir. Onun da xarici banklarda bank hesabı var və Ermənistan da oraya köçürəcək. Onsuzda Azərbaycanın başqa ölkələrə satdığı neftlə bağlı ödəniş də birbaşa bizim ölkəyə gəlmir.

Dövlət Neft Şirkətinin və ya Dövlət Neft Fondunun xaricdəki bank hesabına gəlir. Böyük ehtimalla ödəniş dollarladır. Çox az hallarda Azərbaycandakı bank hesabına ödəniş olur.

Yəni onsuzda neft gəlirlərini  Dövlət Neft Fondu xaricdə saxlayır. İstisna deyil ki, Dövlət Neft Şirkəti ölkəmizdəki, məsələn, Azərbaycan Beynəlxalq Bankın hesabını təklif etsin.

Ancaq yenə də onsuzda o xarici banklar vasitəsilə gələcək. Yəni ödəniş dollar və ya avrodursa, bu proses xarici banklarla həyata keçirilir. Ümumilikdə bu normal prosesdir".

Seçilən
51
1
cebheinfo.az

2Mənbələr