Seymur Baycan Qurban Qurbanov haqda yazır ki, cümləsinin əvvəli ilə axırı çox nadir hallarda bir-birini tamamlayır. Əksər hallarda cümlənin əvvəli aladağa, axırı isə qaradağa baxır, çünki o da kitab oxumayıb, söz ehtiyatı yoxdu.
...Əlbəttə, Qurban bəyin və başqa futbol adamlarının daha məzmunlu danışması bizi sevindirərdi, həm jurnalistlər, həm də oxucular üçün maraqlı olardı. Amma məsələnin başqa tərəfi də var: məşqçinin bacarığı danışıq qabiliyyəti ilə yox, meydandakı nəticələr ilə ölçülür ki, Qurban bəy bu mənada Azərbaycanda nömrə 1-di, postsovet məkanında da, qeyd-şərtsiz, ilk “5-lik”dədi.
Hə, son günlərdə Qurban bəyin daha bir bacarığını da kəşf etdim ki, indi məhz bu haqda danışacam. Söhbət onun ulduz futbolçuları dilə tutmasından, razı salmasından, hər birinin qəlbinə zərgər dəqiqliyi ilə yol tapmasından gedir. Hoca 2025-i “9-luğ”a möhtəşəm zərbə ilə başa vurdu!
Halbuki “Qarabağ”ın məşqçisi “Qəbələ” ilə oyundan sonra elə ah-nalə çəkmişdi ki, şəxsən mən elçilərin, yəni potensial müştərilərin klubun Suraxanıdakı bazasının darvazasını məhəcərrindən çıxardığını düşünürdüm. Amma cəmi 10 gün ərzində hər şey yerini tapdı. Mediada adı çəkilən 5 futbolçu var idi, ən azı başqa beşinin də təklif aldığını nəzərə alsaq, 10 futbolçu yolüstə idi. Qurbanov necə hərlədib-fırlatdısa, “gedənlər” cərəyanının ən parlaq nümayəndələrindən biri Marko Yankoviç yanvarın 4-də “Mozzart Sport”a “mən klubu qalib kimi, parlaq üslubda tərk etmək istəyirəm, çətin vəziyyətdə yox” dedi.
Əcəba, Qurban Qurbanov ulduzlarını necə dilə gətirdi, onların qəlbinə necə yol tapdı? Cavab həm sadədi, həm də mürəkkəb: Qurbanov onlara deyib ki, məni və komandanı ÇL-də pley-offa çıxarın, çempionatda da “Sabah” üzərində zəfəri təmin edin, adımızın önünə növbəti çempionluğu yazın, sonra hara istəyirsiz, gedin! Mən də futbolçu olsaydım, belə motivasiyadan və xahişdən sonra hər şeyə tüpürər, pul kisəsinə və ya kartına gözümün ucu ilə də baxmaz, məşqçim uğrunda yaşıl meydanda canımı qoyardım, uduzsam da, kimsə mənim mübarizə əzmimə, vicdanıma, sədaqətimə və kişiliyimə şübhə etməzdi!
Qurban Qurbanov çox çətin vəziyyətdən ən asan çıxış yolunu tapıb: bığlı-saqqallı (bığlını sözgəlişi dedim...) kişilərin özünəvurğunluq hissinə, şəxsi məninə toxunub, onlara istiqlal savaşına çıxan Mehmetcik, Şuşanın sıldırımlı qayalarını fəth edən xüsusi təyinatlı obrazını təklif edib. Bu isə elə təklifdi ki, qəbul etməkdən başqa yolun olmur! Yankoviç, Bikalyo, Silva, Koxalski, Nəriman və başqaları hocanın tələsinə düşdü. Artıq oynamaqdan, “Qarabağ”ı hədəflərinə çatdırmaqdan başqa yolunuz yoxdu!
HUŞƏNG
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta