AZ

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb

Çinin Hıbey əyaləti Beynəlxalq Peşəkar Mübadilə Assosiasiyası Azərbaycanın müvafiq elmi qurumları ilə yeni əlaqələr qurub birgə layihələr həyata keçirmək arzusundadır.

“İki sahil” xəbər verir ki, bu fikir assosiasiyanın fəxri sədri professor Ganq Yonqpinq və hazırkı sədri professor Çi Siaoyənin Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilə görüşündə səslənib. Görüşdə assosiasiyanın tarixi, hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri ilə bağlı geniş məlumat verilib.

Aqşin Əliyev iki ölkə arasında mövcud elm və təhsil əlaqələri haqqında geniş məlumat verərək bildirib ki, 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə iki səfərindən sonra ölkələrimiz arasında siyasi, iqtisadi-ticari və mədəni əlaqələrlə yanaşı, elm və təhsil əlaqələri də günü-gündən dərinləşir. Xüsusilə keçən ilin aprelində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” elmi təmasların daha geniş vüsət alması üçün mühüm zəmin yaradıb. Hazırda Azərbaycan və Çinin ali təhsil və elm ocaqları arasında elmi mübadilə intensiv xarakter daşıyır, elmi əlaqələri genişləndirmək prioritetlərdən birinə çevrilib.

Görüşdə iki ölkənin daha geniş formatda birgə elmi layihələr həyata keçirməsi üçün böyük potensial və imkanların olduğu vurğulanıb, bu məqsədlə assosiasiya rəhbərliyinin cari ildə Azərbaycana səfər etməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, 1988-ci ildə yaradılan Beynəlxalq Peşəkar Mübadilə Assosiasiyası əyalətin beynəlxalq elmi mübadilə siyasətini həyata keçirən əsas elmi qurumlardandır. Qurum indiyədək Rusiya, Belarus, İngiltərə, Kanada, Cənubi Afrika Respublikası və digər dövlətlərlə tibbi biologiya, kənd təsərrüfatı texnologiyaları, yeni materiallar, informasiya texnologiyası, ekologiya daxil olmaqla müxtəlif sahələr üzrə 200-dən çox elmi layihə həyata keçirib.

Seçilən
43
2
ikisahil.az

3Mənbələr