AZ

Avropa İttifaqı Suriyaya milyonlarla dollar ayıracaq - Fon der Lyayendən açıqlama

"Avropa İttifaqı 2026-27-ci illərdə müharibədən sonrakı yenidənqurma və humanitar yardım çatdırılmaları üçün Suriyaya 722 milyon dollar ayıracaq".

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Dəməşqdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

O, Avropa Şurasının prezidenti Antoniu Koşta ilə birlikdə Suriya Ərəb Respublikasına səfər edib və onun keçid dövrü üçün prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.

"Suriyanın yenidənqurma üçün ehtiyacları olduqca böyükdür, mən öz gözlərimlə gördüm", - deyə fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Suriya ilə əməkdaşlıq müqaviləsinin yenilənməsi ilə bağlı danışıqlara başlamaq və yüksəksəviyyəli danışıqlar da daxil olmaqla, yeni siyasi tərəfdaşlıq proqramını işə salmaq niyyətindədir. 2025-ci ildə Aİ ölkələri 2011-ci ildə respublikanın keçmiş rəhbərliyinə qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv ediblər.

Mətbuat konfransında fon der Lyayen hökumət qüvvələri ilə kürd silahlıları arasında toqquşmaların baş verdiyi Hələb şəhərində artan zorakılıqdan narahatlığını ifadə edib. O, bütün tərəflərin dialoqa qayıtmasının zəruriliyini vurğulayıb.

Yerli "Al Watan" qəzeti Aİ və Avropa Komissiyası sədrlərinin səfərini əvvəlki rejimin siyasəti nəticəsində illərlə davam edən uzaqlaşmadan sonra Suriya və Avropa İttifaqının bir-birinə yaxınlaşması yolunda vacib diplomatik addım adlandırıb.

Bundan əlavə, Ursula fon der Lyayen və Antoniu Koşta Yaxın Şərq turu çərçivəsində Livana da səfər ediblər. Prezident Cozef Aun ilə görüşdə onlar Livan dövlətinin sabitliyi və çiçəklənməsinə sarsılmaz dəstək ifadə ediblər. Eyni zamanda, Livan lideri 1.5 milyon suriyalı qaçqının vətənlərinə qayıtmasına kömək etməsi üçün Aİ-yə müraciət edib.

Yanvarın 8-də fon der Lyayen və Koşta Əmmanda İordaniya Kralı II Abdullah ilə görüşüblər. Danışıqlardan sonra iqtisadi tərəfdaşlığın gücləndirilməsi məqsədilə aprel ayında birgə investisiya konfransının keçiriləcəyi elan edilib. Bəyanatda Kral Silahlı Qüvvələrinə Avropa dəstəyinin, eləcə də təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.


Telegram kanalımız
Seçilən
42
yenisabah.az

1Mənbələr