ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Son zamanlar bir sıra dövlət qurumlarının çağrı mərkəzləri ilə bağlı şikayətlər kəskin artıb. Vətəndaşlar bildirirlər ki, dəqiqələrlə xətdə gözləməli olurlar, zənglər ya cavabsız qalır, ya da qaldırılan problemlər həllini tapmır.
Çağrı mərkəzlərindən narazı qalan sakinlərdən biri yaşadığı çətinliyi belə nəql edir:
"Ağır xəstəmiz olub, dəfələrlə zəng etmişik. İki-üç saat gözləmişik, amma gəlib çıxmayıblar".
Digər bir vətəndaş isə konkret olaraq kommunal xidmətlərin qaynar xətlərinə düşməyin mümkünsüzlüyündən şikayətlənir:
"Ən çox "Azərişıq" və "Azəriqaz"ın çağrı mərkəzlərinə düşməkdə çətinlik çəkirik".
Keçirilən sorğunun nəticələrinə əsasən, vətəndaşlar daha çox "Azərişıq" ASC, "Azəriqaz" İB, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və TƏBİB-dən narazılıq edirlər.
Baku TV məsələ ilə bağlı adıçəkilən qurumların hər biri ilə əlaqə saxlayıb. "Azərişıq" ASC-dən bildirilib ki, "199" çağrı mərkəzi 24 saat fəaliyyət göstərir və günün saatından asılı olaraq eyni vaxtda 12-15 operator növbədə olur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə bildirib ki, "955" çağrı mərkəzi vətəndaşların şikayət və müraciətlərinin operativ şəkildə qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə 24 saat fasiləsiz fəaliyyət göstərir. Baku TV-nin əməkdaşları deyiləni dəqiqləşdirmək üçün "955" çağrı mərkəzinə zəng edib. Lakin zəngə yalnız bir saatdan sonra geridönüş edilib. Ən çox şikayət olunan qurumlar sırasında yer alan TƏBİB ünvanlanan sualları cavablandırmayıb. Eynilə "Azəriqaz" İB-də də nəticə dəyişməyib.
Millət vəkili Azər Badamov bildirib ki, bu kimi hallarda vətəndaşlar dəymiş ziyanla bağlı həmin qurumları məhkəməyə verə bilərlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.