Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatında fövqəladə vəziyyət elan edilib. Ölkənin Baş naziri Jasinta Allan həddindən artıq mürəkkəb üç meşə yanğını səbəbindən 18 bələdiyyəni və bir dağ-xizək kurortu əhatə edən bəyannamə imzalayıb.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Fövqəladə vəziyyətin elan edilməsi hökumətə geniş səlahiyyətlər verir: hakimiyyət orqanları məcburi şəkildə əhalini təxliyə edə, bölgə daxilində hərəkəti məhdudlaşdıra və yanğınlarla mübarizə üçün şəxsi əmlakı tələb edə bilər.
Jasinta Allanın sözlərinə görə, yanğınlar çox sürətlə yayılır və bu da insanların müdafiəsini bir nömrəli prioritetə çevirir.
Hazırda üç nəfər - kişi, qadın və uşaq - itkin düşmüş hesab edilir. Viktoriyada istilik piki enməyə başlasa da, 2025-ci il uzunu davam edən quraqlıq səbəbindən vəziyyət kritik olaraq qalır.
"Həftənin ortalarında Viktoriya ştatında anomal istilik səbəbindən yanğınlar 300 000 hektardan çox kolluq ərazini əhatə edib. Ştatda hələ də 10 böyük yanğın davam edir", - deyə KİV yazıb.
Yanğınsöndürənlər cənub-şərqdə yanğınlarla mübarizə apardıqları halda ölkənin digər bölgələri əks təbiət anomaliyalarından əziyyət çəkir. Belə ki, Yeni Cənubi Uels - Sidney ətrafında son illərin ən isti günü qeydə alınıb. Kvinslenddə Mərcan dənizindən tropik siklonun yaxınlaşması səbəbindən daşqın xəbərdarlığı verilib.
Viktoriya dünyanın ən çox yanğınameyilli bölgələrindən biridir. Hazırkı fəlakətin miqyası artıq 2009-cu ildə baş verən "Qara şənbə" faciəvi hadisələri ilə müqayisə edilir. Alimlər qeyd edirlər ki, bu mövsüm Avstraliya yanğınlarından çıxan tüstü artıq Argentina sahillərinə çatıb və bu da ekoloji fəlakətin qlobal miqyasını nümayiş etdirir.
Bu yanğınlar Türkiyə böyüklüyündə ərazinin məhv olduğu və 33 nəfərin öldüyü 2019-20-ci illərin "Qara yay"ından bəri ştatda baş verən ən böyük yanğınlara çevrilib.