“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji strategiyasının yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir.
Bunu Hakimiyyet.az -a açıqlamasında deputat Vasif Qafarov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış təkcə konkret bir infrastruktur layihəsinin təqdimatı deyil, eyni zamanda ölkənin uzunmüddətli iqtisadi, enerji və investisiya siyasətinin konseptual izahı kimi qiymətləndirilməlidir: " 240 meqavat gücündə olan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın bərpaolunan enerji portfelinin əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir. Prezidentin vurğuladığı kimi, bu layihə ölkənin enerji potensialını gücləndirməklə yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ixrac imkanlarının artırılmasına xidmət edir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu stansiya Azərbaycanın enerji sisteminə iri həcmli külək enerjisinin inteqrasiyasında mühüm mərhələdir.
“ACWA Power” və “PowerChina” kimi aparıcı qlobal şirkətlərin layihədə iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmış imicinin göstəricisidir. Prezident İlham Əliyevin bu şirkətlərin gələcək planlarına verdiyi açıq siyasi dəstək ölkədə bərpaolunan enerji sahəsində yeni investisiya dalğasının başlanacağını deməyə əsas verir. Eyni zamanda, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz bu çərçivədə gündəmə gətirilməsi enerji və su təhlükəsizliyi məsələlərinin kompleks yanaşma ilə həll edildiyini göstərir".
Deputat əlavə edib ki, generasiya güclərinin üç dəfə artaraq 10 min meqavata çatması Azərbaycanın regionda enerji istehsalçısı və ixracatçısı mövqeyini möhkəmləndirib: "Burada Prezidentin xüsusi vurğuladığı mühüm məqam ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişaf etdirilməsidir. Bu yanaşma enerji balansının dayanıqlılığını təmin etməklə riskləri minimuma endirir. Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda günəş və su elektrik stansiyalarının inşası bu ərazilərin “yaşıl enerji zonası” kimi formalaşdırılması strategiyasının praktik təzahürüdür.
Prezident İlham Əliyevin süni intellekt, data mərkəzləri və yüksək enerji tutumlu sahələrə investisiya dəvəti Azərbaycanın gələcək inkişaf modelinin texnoloji əsaslara söykəndiyini göstərir. Bu, enerji siyasətinin artıq təkcə istehsal deyil, həm də innovasiya və rəqəmsal iqtisadiyyatla uzlaşdırıldığını sübut edir. Xüsusi diqqətəlayiq məqamlardan biri də Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması ilə bağlı açıqlamalardır. Bu təşəbbüs Azərbaycanın bərpaolunan enerji siyasətinin artıq yeni texnoloji mərhələyə keçdiyini göstərir. Enerjinin saxlanması imkanlarının genişləndirilməsi istehsalın sabitliyini təmin etməklə enerji sisteminin çevikliyini artıracaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin strateji xəttini aydın şəkildə ortaya qoyur. Bu çıxış bərpaolunan enerji sahəsində qlobal trendlərlə uzlaşan, iqtisadi səmərəliliyi və siyasi sabitliyi birləşdirən kompleks dövlət yanaşmasının bariz nümunəsidir. Azərbaycanın enerji təhlükəsizliyi artıq yalnız milli deyil, regional və beynəlxalq miqyasda mühüm amilə çevrilir".
Mürtəza