AZ

Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı il yanvarın 8-də Prezident cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycanın enerji siyasətində növbəti mühüm mərhələ kimi tarixə düşdü. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr təkcə iqtisadi deyil, eyni zamanda strateji, geosiyasi və uzunmüddətli inkişaf məqsədlərinə xidmət edir. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, 240 meqavat gücündə olan bu stansiya artıq fəaliyyətə başlayaraq ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanın həyatında əlamətdar gündür və bu layihə ölkənin ümumi inkişafına ciddi töhfə verəcək. 2022-ci ilin yanvarında təməli qoyulan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası cəmi dörd il ərzində yüksək peşəkarlıq və koordinasiya nəticəsində istismara verilib. Dövlət başcısı bu münasibətlə layihədə əməyi olan bütün tərəflərə, xüsusilə investor “ACWA Power” şirkətinə təşəkkür etdi. Bu stansiya “ACWA Power”ın Azərbaycanda reallaşdırdığı ilk bərpaolunan enerji layihəsi olsa da, cənab Prezidentin də qeyd etdiyi kimi, sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı daha böyük planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam dəstəkləyir. Eyni zamanda, baş podratçı kimi layihədə iştirak edən “Power China” şirkətinin fəaliyyəti də xüsusi qeyd olundu. Bu fakt Azərbaycanın enerji sektorunda uğurlu beynəlxalq əməkdaşlıq modelinin formalaşdığını aydın şəkildə göstərir. Prezident cənab İlham Əliyev çıxışında son 20 ildə Azərbaycanın enerji sistemində həyata keçirilən dərin islahatlardan bəhs etdi. Bu müddət ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər demək olar ki, tamamilə yenilənib. Nəticədə, ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çataraq tarixi rekorda imza atıb. Dövlət başçısı vurğuladı ki, ənənəvi enerji mənbələri ilə bərpaolunan enerji növləri paralel şəkildə inkişaf etdirilməlidir. Məhz bu balanslı yanaşma Azərbaycanın enerji təhlükəsizliyini tam təmin edir. Mingəçevirdə 2000 meqavat gücündə ənənəvi stansiyanın, Qaradağda 230 meqavatlıq Günəş Elektrik Stansiyasının, Xızı–Abşeronda 240 meqavatlıq Külək Elektrik Stansiyasının istismara verilməsi bu strategiyanın real nəticələridir. Bu gün Azərbaycanda bərpaolunan enerji layihələri ölkənin müxtəlif bölgələrini əhatə edir. Biləsuvar, Neftçala, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən və planlaşdırılan layihələr göstərir ki, ölkəmizin coğrafi mövqeyi alternativ enerji istehsalı üçün geniş imkanlar yaradır. Xüsusilə Xəzər dənizinin külək potensialı diqqətəlayiqdir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycanın Xəzər sektorunda külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Bu rəqəm Azərbaycanın gələcəkdə regionun ən böyük və etibarlı “yaşıl enerji” mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.

Cənab Prezident çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə də toxundu. Bu günə qədər ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi həyata keçirilən siyasətin düzgünlüyünü sübut edir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının borcu 16–17 dəfə üstələməsi Azərbaycanın maliyyə sabitliyinin göstəricisidir. Beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi də ölkəmizə olan etimadın daha da artdığını təsdiqləyir. Bərpaolunan enerji potensialının artması yeni infrastrukturun yaradılmasını da zəruri edir. Prezident cənab İlham Əliyev bu baxımdan ölkə tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sisteminin yaradıldığını bildirdi. 250 meqavatlıq ilk layihə “AzərEnerji” tərəfindən icra olunur və gələcəkdə bu istiqamətdə xarici investorların da cəlb edilməsi planlaşdırılır. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda artıq 40-a yaxın kiçik su elektrik stansiyasının tikilməsi isə azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsinin bariz nümunəsidir.

Dövlət başcısının çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı roldur. Neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə ixracı ilə Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə real töhfə verir.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan etibarlı dövlətdir, sözümüz imzamız qədər dəyərlidir və qəbul edilmiş müqavilələr toxunulmazdır. Məhz bu prinsipial mövqe ölkəmizi xarici investorlar üçün cəlbedici və təhlükəsiz tərəfdaşa çevirir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı və cənab Prezidentin verdiyi strateji mesajlar göstərir ki, Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyub. Bu mərhələ iqtisadi inkişafla yanaşı, enerji təhlükəsizliyi, ekoloji məsuliyyət və regional liderlik hədəflərini özündə birləşdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar təkcə bu günün deyil, gələcək nəsillərin rifahına hesablanmış uzaqgörən dövlət siyasətinin parlaq nümunəsidir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
icma.az

3Mənbələr