AZ

Analitik: Simonyanın etirafı anklavların qaytarılmasına gedən yoldur

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ermənistan parlamentinin sədri Alen Simonyan erməni ordusunun 110 kvadrat kilometrlik Azərbaycan ərazisinə nəzarət etdiyini açıqlayıb. “Sputnik Ermənistan” bununla bağlı spikerə sorğu göndərib. Sorğuya parlamentin sədri tərəfindən belə cavab verilib: “Dəqiqləşdirmək üçün Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları ilə əlaqə saxlaya bilərsiniz”.

Simonyan “ArmComedy” podkastında Ermənistanın bəzi istiqamətlərdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisinə nəzarət etdiyini deyib:

“Onların 110 kvadrat kilometrlik ərazisindəyik. Təxminən. Heç kim millimetrlərə qədər konkret rəqəm deyə bilməz. Təxmini deyirəm. Rəsmi olaraq söyləyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın səsləndirdiyi açıqlama faktiki olaraq anklav kəndlərlə bağlı mövcud vəziyyəti əks etdirir. Ekspertin sözlərinə görə, Ermənistanın hazırda nəzarətində saxladığı və Azərbaycanın suveren ərazisi hesab olunan sahələr məhz Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kimi anklav kəndlərlə əlaqəlidir:

“ Bu yaşayış məntəqələri beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur və delimitasiya–demarkasiya prosesi çərçivəsində rəsmi Bakıya qaytarılmalıdır”.

M.Əsədullazadə qeyd edib ki, hazırkı sülh danışıqları fonunda regional proseslər müsbət dinamika üzrə inkişaf edir:

“Ermənistan tərəfinin ilk dəfə açıq şəkildə belə bir faktı dilə gətirməsi onu göstərir ki, İrəvan artıq reallıqları qəbul etməyə başlayır. Bu etiraf növbəti mərhələlərdə anklav kəndlərin Azərbaycana qaytarılması istiqamətində konkret addımların atılacağına işarədir. Çünki sülh sazişinin imzalanması üçün ərazi bütövlüyü məsələsi tam şəkildə həll olunmalıdır”.

Siyasi ekspert hesab edir ki, “Sputnik Ermənistan”ın Alen Simonyana ünvanladığı suallar təsadüfi xarakter daşımır:

“Bu platforma Rusiya tərəfindən idarə olunan informasiya resursu kimi proseslərə məqsədli şəkildə müdaxilə edir. Məqsəd isə Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmaları və yekun sülh prosesini pozmaq, regionda gərginliyi yenidən alovlandırmaqdır. Rusiya Cənubi Qafqazda təsir imkanlarını itirdikcə informasiya təxribatlarına daha çox üstünlük verir. Ermənistanın sülh prosesinə yaxınlaşması, eləcə də Azərbaycanın regional təşəbbüslərinin güclənməsi Kreml üçün arzuolunan deyil. Bu baxımdan, belə açıqlamalar və onların mediada təqdimat forması prosesə kölgə salmaq məqsədi daşıyır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
sherg.az

1Mənbələr