“Məni çox istəyən insanlar zəng edib deyirlər ki, “Elmira xanım, filmlərinizi, televiziya tamaşalarınızı niyə göstərmirlər?”. Mən bu suallara cavab verməkdən bezmişəm. Efirlərə çağırıblar, getməmişəm. Təzəlikcə də istəyirdilər məni efirə çıxarsınlar, getmədim. Ola bilsin ki, buna görə məndən əvəz çıxırlar. Yaxşı ki, xalqın sevimlisiyəm. Bu mənim üçün böyük şeydir. Bu gün interneti düzətməyə ustalar gəlmişdi. Onları qarşıladım. Dedilər ki, “Elmira xanım, sizin üçün çox darıxmışıq, niyə efirlərə çıxmırsız?”. Onlar da dedilər ki, “siz icazə vermirsiz filmlərinizi efirdə göstərsinlər?”. Dedim ki, mən nə edim? İstəyirsiz zəng edin özünüz soruşun”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib.
O daha sonra əlavə edib:
““Ötən ilin son gecəsi” filmi Moskvanın sifarişi ilə çəkilib. Hər il yeni il günü Moskvadakı televiziyalar göstərir. Bu il də yayımladılar. Təsəvvür edirsiniz, Moskva göstərir, Bakıdakı televiziyalar göstərmir. Bizim yeni ilə aid bir filmimiz var da. Hətta filmin rejissoru Gülbəniz Əzimzadənin bacısı zəng edib soruşur ki, “Elmira xanım, niyə belə edirlər?”. Deyirəm ki, özünüz zəng edin soruşun. Mən bilmirəm. Məni sevənlər deyirlər ki, biz onsuz da bu filmə internetdə baxırıq. Bu mənə çox xoş olur. Bəlkə də bu laqeyd münasibət başqasına toxunardı, amma mənə toxunmur. Vaxtında yaratdım, çəkildim, oynadım və məni sevdilər. Amma bizdə bir pis şey var. Cabir Novruz elə-belədən deməyib ki, “sağlığında qiymət verin insanlara”. Öləndən sonra adamı o qədər tərifləyirlər ki.. Mənim başıma bir pis iş gəlsə, istəmirəm ki, öləndən sonra məni yada salsınlar. İstəmirəm də. Yalançıdırlar. Heç kimə inanmıram”.