İranda etiraz dalğası genişlənməkdə davam edir.
Musavat.com xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Məşhəddə etirazlar daha sərt mərhələyə keçib. Şahidlərin və yerli mənbələrin bildirdiyinə görə, şəhərin bir neçə rayonunda etirazçılarla təhlükəsizlik qüvvələri arasında küçə döyüşləri baş verib.
Etirazçılar rejim əleyhinə şüarlar səsləndirərək barrikadalar qurub, bəzi küçələrdə nəqliyyatın hərəkətini tamamilə dayandırıblar.
Təhlükəsizlik qüvvələri isə aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz, rezin güllələr və xüsusi təyinatlı bölmələrdən istifadə edib. Buna baxmayaraq, etirazçılar geri çəkilməyərək müqaviməti davam etdiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yandırılan təkər və zibil konteynerləri, həmçinin gecə saatlarında baş verən toqquşmalar aydın görünür.
Məlumatlara görə, toqquşmalar nəticəsində onlarla insan yaralanıb, çox sayda etirazçı saxlanılıb.