Köçkünlüyün ilk illəri yadınızdadır? Dünyadan köçən əzizlərimizin başdaşını çəpəki qoyurduq. Bir gün el agsaqqallarının birindən bunun səbəbini soruşdum. Cavabı belə oldu: "Başdaşının çəpəki qoyulması onun müvəqqəti olduğuna işarə edir. Qayıdanda ölülərimizi də ozümüzlə aparacagıq".
Təkcə dirilərimiz deyil, ölülərimiz də doğma yurda qayıdacağımız günü gözləyirdilər...
İyirmi yeddi il bir əsr qədər uzun çəkdi. Ermənilər Cəbrayıldakı Xan Çinarı kəsəndə qəlbimizə dağ çəkdilər. Evimizin qapı-pəncərəsini Arazın o tayında kiminsə həyət-bacasında görəndə yüz dəfə ölüb-dirildik. Pasinyan "Cəbrayıla yol çəkəcəyik" deyəndə üzümüzü yerin-göyün sahibinə tutub "Bizə guc-qüvvət ver" dedik. Allah xalqımıza, Ordumuza elə bir güc-qüvvət verdi ki, 200 illik problemi 44 günə həll etdik. "Dəmir yumruq" düşmənin başına dəyib onu diz çökməyə vadar etdi. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti sayəsində Qarabağ, Şərqi Zəngəzur işgaldan azad edildi, düşmən xar oldu. Cəbrayıla yolu özümüz çəkdik. Bir neçə gün əvvəl həmin yolla Cəbrayıla getmişdim. Şəhidlərimizin məzarlarını ziyarət etdim, təmiz dağ havasından ciyərlərimə çəkdim, Soltanlının doğma təpələrini gəzib-dolaşdım. Kəndimizdəki ən uca təpənin başına çıxıb Cəbrayıla yol çəkmək istəyən Paşinyana səsləndim: "Mən Cəbrayıldayam, sən haradasan?" Səsimə səs vermədi. Çünki çox uzaqda idi. Annanın yanındaydı. Biz düşməni arvadının yanına qədər qovuruq...
Seymur Verdizadə