"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginə ötən mövsümün qış fasiləsində gələn 19 yaşlı ekvadorlu vinger Türkiyə karyerasında yalnız 14 rəsmi oyuna çıxaraq 2 qol vurmuş və ümidləri doğrultmamışdı.
Sentyabrda yollandığı ''Kruzeyro''da isə o indidən 15 oyuna çıxaraq 4 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Braziliyada xoşbəxt olduğuna işarə vuran gənc futbolçu ''Beşiktaş''ın o dönəmdəki baş məşqçisi Ole Qunnar Sulşer ilə münasibətlərinin qaydasında olmadığını da etirafı edib:
''Tanrıya mənə ''Kruzeyro''ya gəlmək fürsəti verdiyi üçün minnətdaram. Həm fanatlar, həm məşqçilər korpusu, həm də komanda yoldaşlarım məni gözəl qarşıladı. Sanki məni neçə ildi, tanıyırdılar. Bu da adaptasiyamı sürətləndirdi. Braziliya çempionatı güclü və səviyyəlidi. Rəqabət ən üst səviyyədədi. Neymar və Ronaldinyo kimi ulduzlar burda yetişib. Bu turnir mənim oyun tərzimə də uyğundu. Bu il ikiqat çalışmalıyam. Çünki Ekvador ilə dünya çempionatında iştirak etmək istəyirəm. Bu, ən böyük arzumdu. Sonra da yenidən Avropaya qayıtmaq barədə düşünəcəm. ''Beşiktaş'' macəram cəmi 6 ay çəkdi. Ora yollandığım üçün peşman deyiləm. Amma geriyə boylananda görürük ki, heç də düzgün seçim etmədim. Şükürlər olsun ki, ''Kruzeyro''nun təklifi tam zamanında gəldi və durumu tərsinə çevirməyi bacardım. İndi hər şey qaydasındadı. Bir futbolçunun əsas işi meydana çıxıb performans göstərməkdi. Amma Türkiyədə mənə bu fürsət verilmədi. Həm də baş məşqçi ilə bəzi problemlər yaşadım. Bununla belə müsbət təcrübələr də qazandım. Məsələn, artıq Avropanın milli çempionatlarında necə futbol oynanıldığını bilirəm''.