Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqhem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçunun transferində “Liverpul” klubu maraqlıdır. İngiltərə klubu futbolçu üçün “kral klubu”na 180 milyon avro ödəməyə hazırdır.
“Liverpul” artıq Madrid təmsilçisi ilə ilkin təmaslar qurub. İngilis klubunun rəhbərliyi hesab edir ki, komandanın mərkəz xəttində uzun illər oyunu yönləndirə biləcək yeni liderə ciddi ehtiyac var.
Bildirilir ki, “Liverpul”un Bellinqhem üçün etdiyi ilk sorğu rədd edilib. “Real”ın prezidenti Florentino Peres və klubun digər rəsmiləri futbolçunun satışını qəti şəkildə istisna ediblər. Madrid klubu Bellinqhemə uyğun alternativ tapmağın mümkün olmadığını düşünür.
Qeyd edək ki, Cud Bellinqhem 2023-cü ilin yayında “Real”a transfer olunub. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlər üzrə 22 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Bellinqhemin bazar dəyəri 160 milyon avro təşkil edir.