AZ

İki doktor, iki faciəvi şəxsiyyət. İki əsrin eyni dərdi... » AzadMedia.az


İran çalxalanır. Əhali mövcud rejimdən boğaza yığılıb. Mollakratiyanın idarəçiliyi süquta uğramaqdadır.
İran Prezidenti Məsud Pezeşkian iki od arasındadır. Bir yanda rejimin gerizəkalı “memarları”, o biri yanda azadlıqsevər xalq. “Nə köz yansın, nə kabab” prinsipi artıq işə yaramır. Bəs nə etməli?
Vaxtı nəzərə alıb qısa yazıram.
Arada İrandakı fəalların çıxışını dinləyirəm. Onların əksəriyyəti qanlı rejimin caynağından zorla xilas olmuş adamlardır. Mahmudəli Çöhrəqanı (Çöhrəqanlı) həmin adamlardan biridir. Təbii ki, ürəyi xalqla bir vuran, millət yolunda min bir əzaba sinə gərmiş adamdır. Proseslərə özünəməxsus fərdi, həm də radikal baxışı var. Qeyd etdiyim kimi, radikal görüşlü olsa da, dediklərində həqiqət payı çoxdur. Ən çox Prezident Məsud Pezəşkian bu adamın hədəfindədir.
Doktor Çöhrəqani iddia edir ki, doktor Pezeşkian mollalara xidmət edir, rejimin ayaqda qalmasına cəhd göstərir. Sözün qısası, o, iddia edir ki, Pezeşkian Prezident seçilməməli idi. Çöhrəqani düzmü deyir? Baba, bəyəm Pezeşkianın seçkilərdə iştirak etməsi, rəqiblərinə qalıb gəlməsi, ali kürsüyə seçilməsi, azərbaycanlı-türk olması ilə fəxr etməsi doğrudanmı yanlış addımdır? Onun əvəzinə hansısa şovinist düşüncəli bir fars mollasının seçilməsi hansı “türfə əlamətləri” ilə, yəni müsbət cəhəti ilə sərgilənəcək və soydaşlarımıza xeyir verəcəkdi?
Doktor Məsud Pezəşkianın indiki vəziyyəti yüz il əvvəl Azərbaycana rəhbərlik etmiş doktor Nərimanovun halətinə bənzəyir. Nəriman Nərimanov bolşeviklərlə işbirliyinə, milli hakimiyyətin devrilməsinə dəstək verdiyinə, totalitar sistemin yaradılmasında roluna görə uzun illərdir ki, tənqid hədəfindədir. Ona qarşı yönələn iddiaların çoxu doğrudur. Amma təsəvvür edək ki, nə Nərimanov, nə də ondan sorakı mərhələlərdə milli kadrların heç biri Azərbaycanın rəhbərliyində olmayaydı, yəni hamı yaxasını kənara çəkəydi, yuxarı eşalonda yalnız yad ünsürlər at oynadaydı - bundan kim uduzar, kim qazanardı? Deyə bilərlər ki, Nərimanov olmasaydı bolşeviklər Azərbaycana gəlməyəcəkdi. Doğru deyil. Misal üçün, qonşu gürcü və ermənilər bolşeviklərə xüsusi “dəvətnamə” göndərməmişdilər, amma nəticədə nə baş verdi? 1920-ci ildə Məmməd Əmin Rəzulzadə qatarda Stalinlə söhbəti zamanı Gürcüstanda bolşeviklərin hakimiyyətə gəlməməyinin səbəbini soruşarkən, “millətlər komissarı” demişdi ki, Gürcüstan indi naz eləyən gəlinə oxşayır, tezliklə biz orada da öz hakimiyyətimizi quracağıq. Belə də oldu. Bəzən tarixi prosesləri proqnozlaşdırmaq olmur. Axı tarixin öz “sözü” olur.
Sözün qısası, hər iki lider, hər iki doktor faciəvi şıxsiyyətlərdir. Amma ümid edək ki, zaman hər şeyi yerbəyer edəcək.

Qeyd: Məqalə Firuz Mustafanın sosial media hesabından götürülüb
Seçilən
39
1
azadmedia.az

2Mənbələr