“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqanın 16-cı turunda “Volfsburq”a qarşı keçirilən və 8:1 hesabı ilə başa çatan oyundan sonra komandasının çıxışını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, "DAZN" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Bu, adi hal deyil və buna normal yanaşmaq olmaz. Birinci hissə bizim üçün asan keçmədi. Mən demişdim ki, ‘Volfsburq’ hücum xəttində güclü komandadır – onlara qol vurmaq üçün çoxlu fürsət lazım olmur. Amma hiss edirdim ki, rəqib bir qədər yorulduqdan sonra biz hücumda daha təhlükəli olacağıq. Nəticədə də elə belə oldu. Görürük ki, hesab 5:1, 6:1, 7:1 olmasına baxmayaraq futbolçular qaçmağa, pressinq etməyə və daha bir qol vurmağa çalışırlar. Bu, çox xoşuma gəlir. Qürur duyacağımız məqamlar var, amma təbii ki, hər zaman daha da yaxşı ola bilərik”.
Münhen təmsilçisi ilk hissəni 2:1 hesablı üstünlüklə başa vurub, ikinci yarıda isə rəqib qapısından cavabsız altı top keçirib.
Qeyd edək ki, 16 turdan sonra “Bavariya” Bundesliqa turnir cədvəlinə liderlik edir.