AZ

Jurnalist Ülkər Piriyeva: “1 Manat = 1 Gün” Yanaşması - Azercell Tarifləri Bölgə Vətəndaşlarını Çətinlikdə Qoyur » AzadMedia.az

Jurnalist

Jurnalist Ülkər Piriyeva: “1 Manat = 1 Gün” Yanaşması - Azercell Tarifləri Bölgə Vətəndaşlarını Çətinlikdə Qoyur!


11 Yanvar - Bakı - Azadmedia.az


Jurnalist, Sosial məsələlər üzrə ekspert Ülkər Piriyeva son dövrlərdə Azercell-in yeni tarif siyasəti ilə bağlı araşdırmalarını açıqlayıb. Azadmedia.az-da Piriyeva bildirir ki, bu siyasət xüsusilə bölgələrdə yaşayan, aztəminatlı və telefonu yalnız zəruri hallarda istifadə edən insanları nəzərə almır. Araşdırmalar göstərir ki, bir çox vətəndaşın yalnız ayda bir manatlıq yükləmə imkanı var, lakin şirkətin tətbiq etdiyi “1 AZN = 1 gün açıq nömrə” siyasəti bu insanların rabitədən fasiləsiz istifadə etməsini təmin etmir. Piriyeva hesab edir ki, Azercell-in tarif siyasəti həm texniki, həm də sosial baxımdan yenidən gözdən keçirilməlidir.

“Son dövrlər Azercell-in tətbiq etdiyi yeni tarif siyasəti cəmiyyətdə ciddi narazılıq doğurur. Şirkət abonentlərdən minimum 4 manatlıq balans yükləməyi və mütləq şəkildə aylıq tarif planına qoşulmağı tələb edir. Bu isə xüsusilə bölgələrdə yaşayan, maddi imkanı məhdud olan və telefonu yalnız zəruri hallarda istifadə edən insanlar üçün ciddi problem yaradır.

Bu gün elə vətəndaşlar var ki, ay ərzində telefonundan cəmi bir-iki dəfə istifadə edir. Bəziləri sadəcə bir zəng etmək üçün nömrəni aktiv saxlamaq istəyir. Kimi yaşlıdır, smartfonu yoxdur, internetdən istifadə etmir. Kimi isə kənddə yaşayır, qazancı gündəlikdir və 1–2 manat tapıb balans yükləmək onun üçün daha realdır nəinki birdəfəyə 4 manat.

Ancaq Azercell deyir: minimum 4 manat yükləməlisən, mütləq tarif planına qoşulmalısan, nömrən 30 gün aktiv qalmalıdır. Yəni faktiki olaraq şirkət deyir ki, ya aylıq abunə ol, ya da nömrəni itir.

Bu sual yaranır: bu yanaşma vətəndaşlara qarşı nə dərəcədə ədalətlidir? Hər kəsin aylıq tarif planına ehtiyacı varmı? Hər kəs internet, paket, dəqiqə almalıdırmı? Bəs sadəcə nömrəsini aktiv saxlamaq istəyən vətəndaş nə etməlidir?

Xüsusilə bölgələrdə vəziyyət fərqlidir. Orada yaşayan insanlar üçün telefon bəzən sadəcə əlaqə vasitəsidir – internet aləti yox. Kimi ayda bir dəfə xəstəxanaya zəng edir, kimi qohumundan hal-əhval tutur, kimi də vacib bir xəbəri gözləyir. Belə insanlardan məcburi şəkildə aylıq tarif almaq tələb etmək sosial ədalət prinsiplərinə uyğun gəlirmi?

Azercell-in əməkdaşlarına bu barədə sual veriləndə isə adətən eyni cavab səslənir: “Bu, təkmilləşdirmə xarakterlidir.” Ancaq hansı təkmilləşdirmədir ki, vətəndaşın seçim imkanını əlindən alır? Hansı inkişafdır ki, aztəminatlı, yaşlı və bölgədə yaşayan insanı mobil rabitə sistemindən kənarda qoyur?

Dünyanın hansı ölkəsində vətəndaş məcburi şəkildə aylıq tarif planına keçməyə məcbur edilir? Harada “istəmirsənsə, abunə olma, amma nömrən də işləməsin” prinsipi tətbiq olunur?

Biz, vətəndaşlar olaraq soruşuruq:
– Niyə 1 manatlıq və ya 2 manatlıq yükləmə ilə nömrəni sadəcə aktiv saxlamaq imkanı yoxdur?
– Niyə “yalnız zəng üçün” ayrıca, sadə və ucuz bir tarif planı yaradılmır?
– Niyə bölgələrdə yaşayan, internetə ehtiyacı olmayan insanlar nəzərə alınmır?

Azercell sosial məsuliyyət daşıyan bir şirkət kimi təkcə böyük şəhərlərdə yaşayan, aylıq paket alan, internetdən aktiv istifadə edən insanları yox, cəmiyyətin bütün təbəqələrini – bölgələrdə yaşayanları, yaşlıları, aztəminatlı ailələri, telefonu yalnız zəruri hallarda istifadə edən vətəndaşları da düşünməlidir.
Çünki - Telekommunikasiya xidmətləri lüks deyil, əsas sosial ehtiyacdır. Bu xidmətlər hər kəs üçün əlçatan, ədalətli və seçim imkanı yaradan formada təqdim olunmalıdır. Şirkətin tarif siyasəti vətəndaşı məcburiyyət qarşısında qoymamalı, əksinə, hər kəsin öz həyat tərzinə və maddi imkanına uyğun seçim etməsinə şərait yaratmalıdır. Xüsusilə bölgələrdə yaşayan insanlar üçün sadə, ucuz, məcburi aylıq abunə tələb etməyən təkliflərinin olması sosial ədalətin bir göstəricisi olardı.

Azercell nömrələrin açıq qalması məsələsində də bölgələrdə yaşayan insanları və aztəminatlı təbəqəni xüsusi olaraq nəzərə almalıdır. Elə vətəndaş var ki, gündəlik qazancı ilə yaşayır və ay ərzində cəmi bir manat tapıb balans yükləyə bilir. Belə insan üçün əsas məqsəd paket almaq yox, sadəcə nömrəsini ay boyu aktiv saxlamaqdır. Buna görə də “1 manat yüklə – 1 gün açıq qal” kimi siyasət sosial baxımdan düzgün deyil və bu yanaşmadan imtina olunmalıdır. Belə ki, az məbləğlə – məsələn, ayda 1 manat minimal məbləğlə – nömrənin uzun müddət - bir ay açıq qalmasını təmin edən sosial yönümlü tariflər hazırlanmalıdır. Çünki 1 manatın özü belə bəzi ucqar kəndlərimizdə yaşayan və Azercell abunəçisi olan vətəndaşlarımız üçün önəmli rəqəmdir. Hesab edirəm ki, bu tərz Azercell abunəçiləri hər gün pul tapmağa məcbur edilməməlidir.

Əks halda, bu siyasət “təkmilləşmə” yox, minlərlə insanın rabitədən kənarda qalması demək olacaq. Daha da təhlükəlisi odur ki, bu yanaşma minlərlə Azercell istifadəçisinin məcbur qalıb başqa operatorların – məsələn, Nar və ya Bakcell nömrələrinə keçməsinə, yaxud ümumiyyətlə telefon rabitəsindən imtina etməsinə səbəb olacaq. Bu isə təkcə vətəndaş üçün yox, elə Azercell-in özü üçün də ciddi etimad itkisi və abunəçi sayının azalması deməkdir.

Hesab edirəm ki, Azercell‑in 2026 tarif siyasətindəki “1 AZN‑lə nömrə yalnız 1 gün açıq qala bilər” kimi yanaşma sosial baxımdan ədalətli deyil. Bu xüsusilə bölgələrimizdə yaşayan, sabit gəliri olmayan, ay ərzində yalnız 1 AZN tapıb yükləyə bilən insanlara çətinlik yaradır. Belə insanlar üçün ən əsas ehtiyac – telefonu uzun müddət aktiv saxlamaqdır, yəni yalnız bir gün üçün deyil. Bu hal həm də sosial ədalət və rabitə əlçatanlığı prinsiplərinə uyğun deyil.”

Seçilən
22
1
azadmedia.az

2Mənbələr