AZ

Dünyanın ilk fotoşəkili: 8 saatlıq səbrin nəticəsi

Bu gün saniyələr içində minlərlə yüksək keyfiyyətli şəkil çəksək də, hər şey 1826-cı ildə (bəzi qaynaqlara görə 1827) Fransanın Le Qra bölgəsindəki bir malikanənin pəncərəsindən çəkilən o bulanıq görüntü ilə başladı.

Milli.Az xəbər verir ki, dünyanın ilk qalıcı fotoşəkilini fransız ixtiraçı Jozef Nikifor Nyeps çəkmişdir. O, bu görüntünü əldə etmək üçün "Heliyoqrafiya" (Gündüz yazısı) adlandırdığı xüsusi bir texnikadan istifadə edib.

Şəkildə Nyepsin iş otağının pəncərəsindən görünən malikanənin damları və ətrafdakı binalar əks olunub.

Bu görüntünü əldə etmək üçün kameranın pəncərə önündə tam 8 saat (bəzi araşdırmalara görə isə günlərlə) hərəkətsiz qalması lazım idi. Buna görə də şəkildə günəşin binanın hər iki tərəfinə düşən kölgələrini görmək mümkündür.

Nyeps bu görüntünü qalay və qurğuşun qarışığından hazırlanan bir lövhə üzərinə, işığa həssas olan "Yəhudi bitumu" (bir növ asfalt) çəkərək əldə etmişdi.

Bu tarixi lövhə uzun illər itmiş hesab olunurdu. Yalnız 1952-ci ildə Helmut və Elison Qershaym (Helmut & Alison Gernsheim) tərəfindən yenidən tapılaraq dünya elminə qazandırıldı. Hazırda bu əvəzsiz əsər ABŞ-ın Texas Universitetində, xüsusi azotla doldurulmuş şüşə qabda qorunur.

Nyepsin bu kəşfi daha sonra Lui Daqer (Louis Daguerre) tərəfindən inkişaf etdirilərək müasir fotoqrafiyanın təməli olan "Daqerotip" texnikasına yol açdı. Əgər Nyepsin o günkü 8 saatlıq səbri olmasaydı, bu gün vizual dünya tamamilə fərqli ola bilərdi.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
20
2
milli.az

3Mənbələr