“Komandaya gələndə baş məşqçiyə dedim ki, çempion olmaq üçün əlimdən gələni edəcəm. Mənə çox güvənirlər. Komandanın kapitanıyam, əsas heyətdə qalmağa çalışıram. Hazırda ikinci pillədəyik. Çempionluq şanslarımız davam edir”.
Bu sözləri İdmanxeber.az saytına Almaniyanın V liqa təmsilçisi “FC Stern Marienfelde” klubunun 19 yaşlılarından ibarət komandasında çıxış edən azərbaycanlı qapıçı İlkin İsgəndərli deyib.
O, çempionatın asan olmadığını və oyunların kifayət qədər maraqlı keçdiyini vurğulayıb:
“Şərait pis deyil. Meydançalar var ki, çox əla vəziyyətdədir. Bəzilərin də isə durum fərqlidir. Amma ümumən narazılığım yoxdur. Heyət əsasən yerli, alman futbolçulardır. Az sayda legioner var. Komandada 4 qapıçı var, üçü almandır. Bütün məqsədim irəli getməkdir. Burada yarış da, rəqabət də çox çətindir. Daha yüksək yerlərdə oynamağı hədəfləyirəm”.
Gənc futbolçu Almaniyada Azərbaycan futbolu barədə məlumatın son dövrlərdə artdığını qeyd edib:
“Almaniyada liqalar və klublar çoxdur. Hər kəs əsasən öz şəhərinin və öz klubunun oyunlarını izləyir. Mən düşünürdüm ki, “Bayer”lə oyunlardan sonra “Qarabağ” daha geniş tanınar. Amma burada azarkeş mədəniyyəti bir az fərqlidir.
Mən Berlin təmsilçisində çıxış edirəm və burada azarkeşlər əsasən öz komandalarına fokuslanırlar. Bu da normaldır. Ona görə də “Qarabağ”ın ‘Bayer’lə oyunlarını hamı yaxından izləməmişdi. Amma “Çelsi” ilə görüşdən sonra vəziyyət dəyişdi. “Qarabağ” Almaniyada daha çox maraq doğurmağa başladı.
Komandada bildilər ki, mən də vaxtilə Ağdam klubunun altyapısında oynamışam. Bundan sonra “Qarabağ” haqqında suallar artdı. Onların oyun tərzi, Avropadakı çıxışları buradakı futbol adamlarının çox xoşuna gəldi. Açığı, bunu görmək mənim üçün də qürurverici idi. Burada Azərbaycan futbolu deyəndə ilk növbədə “Qarabağ” xatırlayırlar və bu, ölkəmiz üçün çox önəmlidir.”
İsgəndərli karyerasını ölkəmizdə davam etdirə biləcəyini də vurğulayıb:
“Azərbaycandan yaxşı təklif alsam, dəyərləndirərəm. Premyer Liqada oynamaq istəyərəm.”
Həsən Quluzadə