Hindistanın Jaipur şəhərində həkimlər 26 yaşlı xəstənin qarnından doqquz ədəd yad cismi çıxarmaq üçün cərrahi əməliyyat həyata keçiriblər.
Editor.az xəbər verir ki, Bhaskar English nəşrinin məlumatına görə, sözügedən şəxsə daha əvvəl psixi sağlamlıq problemləri diaqnozu qoyulub.
Şiddətli qarın ağrıları şikayəti ilə tibbi yardıma müraciət edən xəstənin müayinəsi zamanı mədəsində yeddi diş fırçası və iki ingilis açarı aşkarlanıb. Cisimlərin ölçülərinin böyük olması səbəbindən onların endoskopik üsulla çıxarılması mümkün olmayıb. Bu səbəbdən cərrahlar təxminən iki saat davam edən açıq qarın əməliyyatı aparıblar. Əməliyyat zamanı bütün yad cisimlər uğurla çıxarılıb.
Tibb işçilərinin bildirdiyinə görə, xəstənin psixi problemlərinin olması onun yeyilməyən əşyaları udmasına səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Voronej şəhərində təqaüdçü qadın udduğu plastik diş çöpünün mədə divarını deşməsi nəticəsində təcili əməliyyat olunmuşdu. Əməliyyatdan sonra qadın bir müddət həkim nəzarətində saxlanıldıqdan sonra ambulator müalicə üçün evə buraxılmışdı.
//Gülnarə Abasova, Editor.az