
Yerli vaxtla saat 03:07-də Şamaxı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Xatırladaq ki, yanvarın 10-da Şamaxıda 3.8 maqnitudalı zəlzələ baş vermişdi.
AFN.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq və seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib.
Seysmoloq bildirib ki, 4 maqnitudaya qədər olan zəlzələlər əsasən titrəklər hesab olunur:
"3-4 maqnitudalı bu hadisələr titrəklərdir. Onlar əsasən cihazlar vasitəsilə qeydə alınır, lakin bəzi hallarda insanlar da bu sirkələnməni hiss edə bilərlər. Bu cür təkanlar normal seysmik proseslərə aiddir və hazırda xüsusi narahatlıq üçün əsas yoxdur", – deyə Ənvər Əliyev qeyd edib.
Ekspertin sözlərinə görə, dünyada baş verən zəif zəlzələlər, o cümlədən bəzən forşok xarakterli təkanlar iki cür qiymətləndirilir:
"Bəzi tədqiqatçılar hesab edirlər ki, bu cür xırda zəlzələlər yerin enerjisinin bir hissəsini boşaldır və gələcəkdə daha güclü zəlzələlərin qarşısını ala bilər. Digər yanaşmaya görə isə, onlar xəbərdarlıq xarakteri daşıya və böyük zəlzələnin yaxınlaşdığını göstərə bilər. Hansı ssenarinin baş verəcəyini isə yalnız konkret elmi tədqiqatlar deməyə imkan verir".
Seysmoloq vurğulayıb ki, Azərbaycan, xüsusilə Şamaxı rayonu seysmik baxımdan aktiv zonada yerləşir və bölgədə zəlzələlərin baş verməsi istisna deyil:
"Hazırda müşahidə olunan titrəklərin təhlükəli olub-olmadığını qəti şəkildə demək çətindir. Titrəklərin davam etməsi hələlik ciddi təhlükə anlamına gəlmir. Lakin zəlzələlərin dəqiq vaxtını və gücünü əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil".
Ənvər Əliyev əlavə edib ki, belə hallarda əhalinin təşvişə düşməsinə əsas yoxdur, lakin seysmik təhlükəsizlik qaydalarına əməl olunması vacibdir:
"Əsas məsələ maarifləndirmə və hazırlıqdır. Binaların seysmik dayanıqlığı, tikinti normalarına əməl olunması və insanların fövqəladə vəziyyət zamanı necə davranmalı olduqlarını bilməsi riskləri minimuma endirə bilər".