AZ

Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblər hökmdən apellyasiya şikayəti verdi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barəsində hökmdən apellyasiya şikayəti verilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi xahiş olunub.
 
Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq.
 
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, sözügedən şəxslər 2025-ci il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
 
Araşdırmalar zamanı həmin şəxslərin ötən il avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
 
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Seçilən
46
1
moderator.az

10Mənbələr