Bakı, 12 yanvar, AZƏRTAC
Geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənliklər və iqlim böhranı bərpaolunan enerji sektorunda əlavə təzyiqlər yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah əl-Dahak Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Əbu-Dabidə keçirilən 16-cı Assambleyasında çıxışı zamanı deyib.
Nazir sektorun dayanıqlığını xüsusi qeyd edərək bildirib ki, bərpaolunan enerjinin irəliləyiş tempi heç də dayanmayıb, əksinə, daha da güclənərək sürətlənib. Onun sözlərinə görə, layihələr ardıcıl şəkildə irəliləyir, icmalar isə təmiz texnologiyaları getdikcə daha sürətlə mənimsəyir. O, enerji keçidinin sürətləndirilməsi üçün strateji hədəflərdən geri çəkilməməyin və beynəlxalq əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.