İranda baş verən etirazlar bütün dünyanın diqqətindədir. Hadiələrin sonu barədə fərqli proqnozlar irəli sürülsə də, başlanğıc səbəb olaraq İranda ərzaq və yanacağın bahalaşması, milli valyuta olan rialın dollar qarşısında kəskin ucuzlaşması göstərilir.
Modern.az xatırladır ki, sosial etirazları körükləyən əsas səbəblər arasında diqqətdən kənar qalan daha bir amil var - su amili.
İranlı alimləri ən azı 2013-cü ildən bəri ölkənin tezliklə susuz qalacağı barədə xəbərdarlıq edirdilər. Demək olar ki, bütün qlobal ekspertlər bu ehtimalla razılaşırlar. Vəziyyət üç səviyyədə inkişaf edir: qlobal - dünyada iqlim dəyişikliyi; regional - Yaxın Şərq və Qərbi Asiyada su ehtiyatları uğrunda soyuq müharibə; və yerli - İran hökumətinin siyasəti. Və hər üç səviyyədə proqnoz etibarlıdır və İran üçün çox dəhşətlidir.
Qlobal iqlim dəyişikliyi. Son 10 ildə bütün temperatur rekordları qırılıb. Qlobal istiləşmə, İranda beş ildir davam edən unikal quraqlığın əsas səbəblərindən biridir. Və bu, artıq anomaliya deyil, "yeni norma"dır. Əlborz və Zaqros dağlıq ərazilərində yerləşən İranın buzlaqları sürətlə kiçilir. Yayda yavaş-yavaş əriyən və çayları bəsləyən qış qarı (daha az yağan) əvəzinə, güclü yağışlar baş verir. Bu yağışlar daşqınlara səbəb olur, lakin torpağa hopmur və ya su hövzələrini doldurmur. Səbəblərdən biri torpağın sərtləşməsi və suyun keçməsinə imkan verməməsidir.

Regional səviyyədə. Yaxın Şərqdə və Qərbi Asiyada əsl su müharibəsi gedir və bu müharibədə əsas oyunçu Türkiyədir. O, Yaxın Şərqin üç əsas çayının - Fərat, Dəclə və Araz çaylarının - mənsəbində su anbarları sistemi yaratdı və hazırda bu su axınına nəzarət edir. Türkiyə su ilə özünü təmin edir, amma İraq və Suriya su böhranı ilə üzləşir. İraqda bataqlıqlarının quruması İranda toz fırtınalarına səbəb olub. Araz çayının yuxarı axarındakı bəndlər İranın qərb əyalətlərinin su təchizatına təsir göstərir.
Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Taliban öz ehtiyaclarını əsas gətirərək bəndlər tikməyə və Helmand çayının İrana axınını məhdudlaşdırmağa başladı. (2025-ci ilin birinci yarısında İran Əfqanıstanla müqavilə çərçivəsində almalı olduğu sudan təxminən 10 dəfə az su alıb.) İranın həm Türkiyə, həm də Əfqanıstanla su axını ilə bağlı münasibətləri soyuqdur. İrana axana həmin çaylar Həm Türkiyə, həm də Əfqanıstan ərazisində mənbəyini götürdüyü üçün İranın şərtləri diqtə etmək lüksü yoxdur.
Yerli səviyyədə. Amma bu, hələ çöküş deyil. İran, böyük çətinliklə də olsa, əhalisini təmin etmək üçün kifayət qədər su ehtiyatına sahibdir. Lakin İran Amerika və İsraillə müharibə vəziyyətindədir və nüvə energetikasını inkişaf etdirir. Nüvə proqramı sərt sanksiyalara səbəb oldu. Molla rejimi isə bu fonda xarici ticarət olmadan özünü ərzaqla təmin etmək qərarına gəldi. Və bu proqram ölkəni məhv edir. İranda suyun 90 faizi kənd təsərrüfatına (ÜDM-in yalnız 12%-ni təşkil edir), əsasən suvarmaya sərf olunur. Amma bu addım suyun son dərəcə səmərəsiz istifadəsidir. Çünki su itkisini önləmək üçün damcılı suvarma sistemini tətbiq edilməli və bunun üçün bütün irriqasiya sistemi dəyişdirilməlidir. Böyük su itkiləri son nəticədə su çatışmazlığına yol açır. Buna görə də insanlar su əldə etmək üçün quyular qazırlar. Bu quyuların sayı ölkədə milyonlarladır. Qazma işləri nəzarətsiz olduğu üçün bir çox bölgələrdə artıq su ehtiyatı tükənib və torpaq ildə 20-25 sm olmaqla çökür, yeraltı su anbarları dağılır və yağış sularının sadəcə yığılacaq yeri qalmır.

Beləliklə, səmərəsiz kənd təsərrüfatının məhdudlaşdırılması lazımdır, amma bu, baş vermir. Ərzaq təchizatının (qarpız və püstə kimi suya çox tələbat yaradan məhsulların ixracı da daxil olmaqla) əsas faydasını götürən tərəf İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Bu hərbi qurum isə monopoliyasında olan kənd təsərrüfatını əldən vermək niyyətində deyil. İran nüvə proqramından imtina edərək sanksiyaları ləğv edə, dünyanın ən yaxşı suvarma və suyun təkrar emalı üzrə mütəxəssislərini İsraildən cəlb edə və kənd təsərrüfatı istehsalını azalda bilər. Amma bunun baş verməsi üçün açıq, rasional və danışıqlara hazır siyasi sistem formalaşmalıdır.
Beləliklə, bu gün sual artıq rejimin çöküb-çökməyəcəyi deyil, nə vaxt çökəcəyidir. Bu, 2026-cı ildə baş verə bilər. Tehranın su anbarları hazırda təxminən 8-10% doludur. Və görünür, onlar yaza qədər doldurulmayacaq: əsas su mənbəyi qardır və bu il qar demək olar ki, yoxdur. Əgər rejim möcüzəvi şəkildə 2026-cı ildə sağ qalarsa, vəziyyət 2027-ci ildə daha da pisləşəcək. Su hövzələrində su azalır.
İran artıq ekoloji fəlakətin "qarşısında" deyil, dərinliyindədir. Molla rejiminin bu fəlakətdən çıxış yolu, planı yoxdur. Su böhranını aradan qaldırmadan isə cəmiyyətdə balansı, status-kvonu qorumaq mümkün deyil. Su kimi təməl ehtiyacını ödə bilmədiyi halda İran xalqının qəzəbi valyuta ucuzlaşması yaxud ərzaq bahalaşması ilə müqayisədə tamamilə başqa, dağıdıcı miqyas alacaq.