AZ

ABŞ qonşu Meksika ilə narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirlərini müzakirə edib

Bakı, 12 yanvar, AZƏRTAC

ABŞ dövlət katibi Marko Rubio və Meksika xarici işlər naziri Xuan Ramon de la Fuente bazar günü narkotik qaçaqmalçılığına qarşı əməkdaşlığı müzakirə ediblər.

AZƏRTAC ABŞ Dövlət Departamentinin məlumatına istinadla xəbər verir ki, telefon danışığı zamanı iki yüksəkvəzifəli diplomat “Meksikanın zorakı narkoterror şəbəkələrini dağıtmaq, fentanil və silah qaçaqmalçılığını dayandırmaq üçün daha güclü əməkdaşlığa ehtiyac olduğunu” vurğulayıb. Rubio ABŞ-ın narkotik qaçaqmalçılığının qarşısını almaq öhdəliyini təsdiqləyib. O, Birləşmiş Ştatları və Amerika qitəsini qorumaq üçün konkret nəticələrin vacibliyini bildirib.

Bu açıqlama Meksika Prezidenti Klaudiya Şeynbaumun cümə günü ABŞ Prezidenti Donald Trampın tezliklə cənub sərhədi boyunca kartellərə hücumlar edəcəyini söyləməsindən sonra Vaşinqtonla daha güclü əməkdaşlığa çağırmasından sonra verilib.

Meksika Prezidenti bildirib: “Biz təmasları gücləndirəcəyik, buna görə də Xuan Ramon de la Fuentedən ABŞ dövlət katibi ilə görüşməsini xahiş etdim. İşçi qrupu var, yaxın gələcəkdə münasibətləri daha da möhkəmləndirmək istəyirik”.

ABŞ-ın “X” sosial media şəbəkəsində ayrıca bir paylaşım edən Meksika Xarici İşlər Nazirliyi de la Fuentenin həmkarı Rubio ilə sərhəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlıq proqramını izləmək üçün telefon danışığı apardığını bildirib. Meksika XİN əlavə edib ki, Şeynbaumun təlimatı ilə aparılan bu müzakirələr suverenliyə və ərazi bütövlüyünə hörmət, ortaq məsuliyyət, qarşılıqlı etimad şəraitində keçirilib.

Venesuelada Prezident Nikolas Maduronun həbsi ilə nəticələnən ABŞ hərbi əməliyyatından sonra Donald Tramp bildirib ki, narkotik kartellərinə zərbələr endirmək üçün növbəti hədəf Meksikadır. Kartellərin Meksikanı idarə edən əsl qüvvə olduğunu və Şeynbaumun onlarla bacara bilmədiyini iddia edən ABŞ Prezidenti Vaşinqtonun Meksika ərazisinə zərbə endirəcəyi ilə bağlı bəyanat da verib. “Kartellər Meksikanı idarə edir – bunu izləmək və bu ölkədə nə baş verdiyini görmək çox kədərlidir”, - deyə o, ötən həftə verdiyi müsahibədə bildirmişdi.

 

Seçilən
50
azertag.az

1Mənbələr