ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri bəyan edib ki, Danimarka İkinci Dünya müharibəsindən sonra adanı BMT-nin normalarını pozaraq ələ keçirib və Qrenlandiyanın ABŞ-a qarşı düşmənçilik yox, qonaqpərvərlik nümayiş etdirməli olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Lendri deyib:
“Tarix önəmlidir. ABŞ İkinci Dünya müharibəsi zamanı Danimarka buna qadir olmadığı bir vaxtda Qrenlandiyanın suverenliyini qorudu. Müharibədən sonra Danimarka BMT protokollarını nəzərə almadan adanı yenidən işğal etdi”, – deyə Lendri “X” sosial şəbəkəsində yazıb.
Amerikalı nümayəndənin bu bəyanatına Danimarka dərhal reaksiya verib. Danimarkanın ABŞ-dakı səfiri Yesper Meller Sörensen tarixin önəmli olduğunu təsdiqləyərək bildirib ki, adanın gələcəyi Qrenlandiya sakinlərinin öz seçimi olmalıdır.
“Danimarka Krallığı hər zaman ABŞ-la birlikdə dayanıb. 11 sentyabr hadisələrindən sonra ABŞ-ın çağırışına cavab verdik və NATO ölkələri arasında əhali nisbətinə görə ən çox itki verən ölkə olduq. Faktlar da vacibdir: Qrenlandiya əsrlər boyu krallığın bir hissəsi olub və bu, dəfələrlə ABŞ administrasiyaları, BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb”, – deyə səfir bildirib.
O əlavə edib ki, Qrenlandiya parlamentində təmsil olunan bütün beş partiya adanın ABŞ-a birləşməsini istəmədiklərini yenidən bəyan ediblər.
Müşviq Tofiqoğlu
KONKRET.az