AZ

Sonra adamlar yığışıb könlünü aldılar onun... - Əlisəmid Kürün şeiri

Kulis.az Əlisəmid Kürün "Adaşım, balabançı Kor Əlisəmid" şeirini təqdim edir.

Bir adaşım yaşayır Kürdəmirdə,
Muradxanlı kəndində
Gecəyarı ekranda gördüm
Xəzər TV-də.
Əvvəl-əvvəl danışmadı, dinmədi,
dizləri üstə gözləri yol çəkdi
barmaqlarının.
Sonra adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı üzə balabanı.
Dedi, mənim işim balabanla, neylədi.
Sonra gör neylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu qırağa,
Ürəyinin işığı üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının ucunda,
adaşım, balabançı Kor Əlisəmid.

Seçilən
13
1
kulis.az

2Mənbələr